AZ

Dillər Universitetində təqaüd “baryeri”... Təqaüd üçün minimal bal necə müəyyən edilir?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Dillər Universitetində təqaüd almaq üçün minimum bal həddi artırılıb.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, indiyədək 84 bal olan göstərici yeni qərarla 88 bala qaldırılıb. Mənbənin sözlərinə görə, dəyişiklik yeni semestrdən tətbiq olunacaq və bu barədə tələbələrə fakültə səviyyəsində məlumat verilib.

Bal həddinin artırılması tələbələr arasında narazılıq yaradıb. Onların bir qismi hesab edir ki, 4 ballıq artım təqaüd alanların sayının azalmasına səbəb olacaq. Tələbələr bildirirlər ki, mövcud qiymətləndirmə sistemində 88 bal toplamaq əvvəlki hədlə müqayisədə daha çətindir və bu dəyişiklik bir çox tələbəni maddi dəstəkdən məhrum edə bilər. Narazı tələbələr qərarın yenidən nəzərdən keçirilməsini və dəyişikliklə bağlı rəsmi izahat verilməsini istəyirlər. Onların fikrincə, xüsusilə regionlardan gələn və kirayədə yaşayan tələbələr üçün təqaüd mühüm sosial dəstək vasitəsidir.

Bəs maraqlıdır, minimal ballar müəyyən olunarkən hansı kriteriyalar əsas götürülür?

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli "AzPolitika"-ya açıqlamasında bildirib ki, tələbələrin təqaüd həyəcanını və narazılığını anlamaq mümkündür, çünki bu, onlar üçün həm maddi dəstək, həm də mənəvi stimuldur: "Lakin məsələnin kökünə endikdə görmək olar ki, ali təhsil müəssisələrində təqaüdlərin paylanması heç də subyektiv bir qərar deyil, konkret normativ sənədlərlə tənzimlənən bir prosesdir. Azərbaycanda tələbələrə təqaüdlərin təyin olunması Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalar əsasında həyata keçirilir. Bu qaydalara görə, dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təqaüd yerlərinin sayı məhduddur və bu yerlər akademik göstəriciləri ən yüksək olan tələbələr arasında rəqabət əsasında bölünür".

Ekspert qeyd edir ki, burada ən mühüm məqam "keçid balı" anlayışının sabit olmamasıdır:"Universitet daxili nizamnaməsinə və ya elmi şurasının qərarına əsasən, təqaüd üçün minimum limit müəyyən edə bilər, lakin bu limit çox vaxt tələbələrin ümumi göstəricilərindən asılı olaraq formalaşır. Əgər bir fakültədə və ya kursda tələbələrin böyük əksəriyyəti yüksək nəticə göstərirsə, təbii olaraq "əlaçı" və ya "zərbəçi" nominasiyaları üzrə rəqabət artır və virtual "keçid balı" yuxarı qalxır. Xarici Dillər Universitetində qeyd olunan bal artımı, böyük ehtimalla, tələbələrin akademik göstəricilərinin kütləvi şəkildə yüksəlməsi və ya təqaüd fondu üçün ayrılan yerlərin daha yüksək ballı tələbələr tərəfindən doldurulması ilə bağlıdır".

"Bu sistemin nə dərəcədə ədalətli olmasına gəldikdə isə deməliyəm ki, ali təhsil müəssisələrinə müəyyən qədər muxtariyyətin verilməsi dünya praktikasında qəbul olunmuş haldır. Universitet təhsilin keyfiyyətini artırmaq üçün meyarları sərtləşdirə bilər. Lakin bu dəyişikliklər qəfil yox, semestrin əvvəlində, şəffaf şəkildə tələbələrə elan olunmalıdır ki, onlar öz hədəflərini buna uyğun müəyyənləşdirsinlər. Ədalət prinsipi burada "bərabər şərtlər" üzərində qurulur - əgər qayda hamıya eyni dərəcədə tətbiq olunursa, bu, akademik sağlam rəqabətin bir parçası hesab edilir. Yekun olaraq, bal normaları müəyyən edilərkən həm dövlətin müəyyən etdiyi kvotalar, həm də tələbələrin ümumi bilik səviyyəsi nəzərə alınır. Tələbələrə tövsiyəm odur ki, təqaüdü sadəcə bir "haq" kimi deyil, akademik üstünlük uğrunda mübarizənin nəticəsi kimi görsünlər. Universitet rəhbərliyi isə bu cür dəyişikliklərin kommunikasiyasını daha geniş aparmaqla yanlış anlaşılmaların qarşısını ala bilər", -deyə ekspert əlavə edib.

E. Bəyməmmədli

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
azpolitika.info

1Mənbələr