AZ

Fidan Məmmədova: Həm tələbkar, həm ədalətli, həm də... - MÜSAHİBƏ

Şagirdlərimin uğurları mənim üçün həm böyük fəxr, həm də motivasiya mənbəyidir

Müəllimlik təkcə bir peşə deyil, gələcəyin təməlini qoyan, düşüncələri işıqlandıran və qəlblərdə bilik eşqi yandıran müqəddəs sənətdir. Hər gün sinifdə şagirdlərin bilik dünyasına işıq tutmaq, onların analitik və məntiqi düşünmə qabiliyyətini inkişaf etdirmək, maraqlarını oyatmaq müəllimin ən vacib missiyalarındandır. Xüsusilə fizika kimi mürəkkəb, amma həyati əhəmiyyət kəsb edən fənni sevdirərək öyrətmək səbir, yaradıcılıq və dərindən bilik tələb edən incə bir sənətdir.

Bakının Xəzər rayonundakı  Rasim Sadıqov adına 136 nömrəli tam orta məktəbin fizika müəllimi Fidan Mənsimova uzun illərdir bu missiyanı sevgi və fədakarlıqla həyata keçirir. F.Mənsimova “İki sahil”ə müsahibəsində müəllimliyin yalnız bir peşə olmadığını, həm də gələcəyin inşası olduğunu vurğulayır.

-Oxucularımıza özünüzü necə təqdim edərdiniz?

 - 11 illik pedaqoji stajım müddətində şagirdlərdə fizika fənninə maraq yaratmaq və onların analitik, məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək məqsədilə çalışıram. Düşünürəm ki, müəllim yalnız bilik ötürən deyil, həm də şagirdləri düzgün istiqamətləndirən və onları motivasiya edən şəxs olmalıdır.

Şagirdlərim müxtəlif illərdə Respublika Fənn Müsabiqəsində  gümüş medal, BilBacar müsabiqəsində qızıl medal, Elm Olimpiadasında gümüş medal, Astronomiya Olimpiadasında həvəsləndirici mükafat və BalBacarıq müsabiqəsində qızıl medal qazanmışlar. Mən isə sonuncu “Yaradıcı müəllim” müsabiqəsində “Kosmik simulyator layihəsi” ilə birinci yerə layiq görülmüşəm. Müəllimlərin sertifikatlaşdırma imtahanında isə test mərhələsindən 54 bal, müsahibə mərhələsindən maksimum nəticə göstərmək, yəni 40 bal toplamışam.

Bu nailiyyətlərim və şagirdlərimin uğurları mənim üçün həm böyük fəxr, həm də motivasiya mənbəyidir və pedaqoji fəaliyyətimdə daha yüksək nəticələr əldə etmək əzmini artırır.

-Niyə məhz fizika müəllimi olmağı seçdiniz?

-Fizika mənə hər zaman ətraf aləmin qanunauyğunluqlarını anlamağa kömək edib. Məktəb illərimdən bu fənnə xüsusi marağım olub və zaman keçdikcə bu maraq peşə seçimimə çevrildi. 

Hər şagirdin düşüncə tərzi və öyrənmə sürəti fərqlidir və bu,
müəllimdən yüksək səbir və peşəkarlıq tələb edir

 -Müəllim olmasaydınız, özünüzü hansı sahədə görərdiniz?

-Çox güman ki, mühəndislik və ya elmi-tədqiqat sahələrində fəaliyyət göstərərdim. Araşdırma aparmaq və yeni biliklər əldə etmək mənə hər zaman maraqlı olub.

-Müəllimlik peşəsinin ən çətin tərəfi nədir?

-Bu peşənin ən çətin tərəfi hər bir şagirdə fərdi yanaşma üsulunu tapmaqdır. Hər şagirdin düşüncə tərzi və öyrənmə sürəti fərqlidir və bu, müəllimdən yüksək səbir və peşəkarlıq tələb edir.

-Hər gün dərsə gedərkən sizi motivasiya edən əsas şey nədir?

-Şagirdlərimin dərsdə fəal iştirakı, mövzunu anladıqlarını görmək və fizikanı sevməyə başladıqlarını hiss etmək mənim üçün ən böyük motivasiyadır.

-Şagirdlərinizin qazandığı uğurlar sizə nə hiss etdirir?

-Onların uğurları mənə böyük qürur və sevinc hissi yaşadır. Bu uğurlar müəllimin əməyinin bəhrəsidir və gələcək fəaliyyətim üçün əlavə stimul verir.

-Fizika fənnini sevdirmək üçün hansı üsullardan istifadə edirsiniz?

-Gündəlik həyatla bağlı nümunələr, praktik tapşırıqlar və maraqlı eksperimentlərdən istifadə edirəm. Şagirdlər mövzunu real həyatla əlaqələndirəndə daha yaxşı qavrayırlar. 

Çalışıram ki, dərsdə nizam-intizam qorunsun,
eyni zamanda, şagirdlər öz fikirlərini sərbəst ifadə edə bilsinlər

-Məzun şagirdlər sizi necə xatırlayır?

-Düşünürəm ki, məzunlar məni ilk növbədə tələbkar, lakin ədalətli müəllim kimi xatırlayırlar. Mən hər zaman çalışıram ki, dərsdə nizam-intizam qorunsun, eyni zamanda, şagirdlər öz fikirlərini sərbəst ifadə edə bilsinlər. Onlarla qarşılıqlı hörmətə əsaslanan münasibət qurmağa üstünlük verirəm. Məzun olmuş şagirdlərimin geri dönüşlərində də tez-tez qeyd olunur ki, dərslərim həm öyrədici, həm də motivasiyaedici olub.

 -Yaxşı müəllimi fərqləndirən əsas keyfiyyətlər hansılardır?

-Yaxşı müəllim ilk növbədə öz fənnini dərindən bilməlidir. Bununla yanaşı, səbirli, anlayışlı və ədalətli olmalıdır. Müəllim şagirdin potensialını görməyi bacarmalı və onu inkişaf etdirmək üçün düzgün istiqamət verməlidir. Ünsiyyət bacarığı, empati qurmaq qabiliyyəti və daim öz üzərində işləmək istəyi də vacib keyfiyyətlərdəndir.

 -Sizi ən çox qürurlandıran uğurunuz hansıdır?

-Ən böyük uğurum şagirdlərimin qazandığı nailiyyətlərdir. Onların olimpiada və müsabiqələrdə yüksək nəticələr göstərməsi mənim üçün böyük qürur mənbəyidir. Lakin mənim üçün ən böyük uğur yalnız medal deyil, şagirdin özünə inam qazanması və elmi düşüncə tərzinin formalaşmasıdır.

Əməksevərlik, məsuliyyət, dürüstlük,
komanda ilə işləmək bacarığı və özünə inam əsas prinsiplərimdir

-Şagirdlərə aşıladığınız əsas dəyərlər hansılardır?

-Mən şagirdlərə yalnız fizika biliklərini deyil, eyni zamanda, həyat üçün vacib olan dəyərləri aşılamağa çalışıram. Əməksevərlik, məsuliyyət, dürüstlük, komanda ilə işləmək bacarığı və özünə inam əsas prinsiplərimdir. Hesab edirəm ki, bu keyfiyyətlər onların gələcək həyatında mühüm rol oynayacaq.

 -Təhsil sistemində sizi narahat edən məqamlar varmı?

-Bəzən dərs proqramlarının həddindən artıq yüklənməsi şagirdlərin mövzuları dərindən mənimsəməsinə mane olur. Eyni zamanda, müəllimlərin sənədləşmə işlərinin çoxluğu da vaxt itkisinə səbəb ola bilir. Hesab edirəm ki, daha balanslı və şagirdyönümlü yanaşma təhsilin keyfiyyətini artırar.

 -Sizi duyğulandıran bir xatirəniz varmı?

-Pedaqoji fəaliyyətim dövründə bir çox duyğulandırıcı anlar yaşamışam. Xüsusilə bir şagirdimin əvvəlcə fizikanı çətin və anlaşılmaz hesab etdiyini, lakin zamanla bu fənni sevdiyini və hətta gələcək ixtisasını bu istiqamətdə seçmək istədiyini deməsi mənim üçün unudulmaz xatirədir. Bu, müəllim əməyinin ən gözəl nəticəsidir.

 -Son dərs gününüzü necə təsəvvür edirsiniz?

-Hər dərs günü mənim üçün məsuliyyətli və dəyərlidir. Xüsusilə dərs ilinin son günlərində şagirdlərlə keçirdiyimiz səmimi söhbətlər və geriyə baxış anları yaddaşımda xüsusi yer tutur. Bu anlarda müəllimlik peşəsinin nə qədər müqəddəs və dəyərli olduğunu bir daha hiss edirəm.

 -Gənc müəllimlərə tövsiyəniz...

-Gənc müəllimlərə tövsiyəm odur ki, ilk növbədə səbirli olsunlar və çətinliklərdən qorxmasınlar. Müəllimlik davamlı öyrənmə prosesidir. Daim yenilikləri izləmək, müasir tədris metodlarından istifadə etmək və şagirdlərlə sağlam ünsiyyət qurmaq uğurun açarıdır.

-Gələcək hədəfləriniz...

-Gələcəkdə daha çox şagirdin fizika sahəsində uğur qazanmasına töhfə vermək istəyirəm. Eyni zamanda, metodik biliklərimi inkişaf etdirərək dərslərimi daha interaktiv və maraqlı etməyi planlaşdırıram. Məqsədim yalnız nəticə deyil, keyfiyyətli və davamlı inkişafdır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
5
1
ikisahil.az

2Mənbələr