Azərbaycanda turizm sektorunun qeyri-neft-qaz iqtisadiyyatında payı 7,5 %-ə yüksəlib.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Günay Bayramova Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, sektorun ümumi daxili məhsulda (ÜDM), o cümlədən qeyri-neft-qaz ÜDM-də payı getdikcə artır, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayında da nəzərəçarpacaq artım var.
Bundan başqa, turizm rəsmisi deyib ki, ötən il sektor üzrə 720 milyon ABŞ dolları müsbət saldo qeydə alınıb, bu sahəyə 439 milyon manat investisiya qoyulub: "Bu, əvvəlki illə müqayisədə 32 % çoxdur". Həmçinin, onun sözlərinə görə, Azərbaycanda turizm sektoru üzrə mövcud qanunvericilikdən irəli gələn 5 istiqamətdə məhdudiyyətlər var: "Birinci istiqamət turizm statistikasıdır. Məlumatlar müxtəlif mənbələrdən (Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İcra hakimiyyətləri) toplanıldığı üçün onların etibarlılığı sual altındadır. Təklifimiz turizm reyestrində qeydiyyatın könüllü deyil, məcburi olmasıdır. İkinci istiqamət təsnifatdır. Sahədə neçə otel, qonaq evi və yaxud hostel olduğu dəqiq bilinmir. Təklif edirik ki, sənaye subyektlərinin təsnifatının aparılması üçün qanunla məcburi mexanizm formalaşdırılsın. Üçüncü istiqamət xidmətin keyfiyyətidir. Konkret minimal tələblər yoxdur. Təklif edirik ki, hər bir subyekt (turoperator, turagent və s.) üçün minimal tələblər və qiymətləndirmə meyarları müəyyən olunsun, həmçinin mehmanxanalarda sanitariya-gigiyena normativləri tətbiq edilsin. Dördüncü istiqamət dövlət nəzarətidir: burada Agentliyin səlahiyyətlərini müəyyən edən normativ və institusional mexanizmlərin formalaşdırılması, istehlakçı hüquqlarının qorunması var. Beşinci istiqamət isə iqtisadi təşviq alətləridir: Turizm subyektləri üçün maliyyə əlçatanlığı aşağıdır. Təklif edirik ki, Turizm İnkişaf Fondu yaradılsın və spesifik "Turizm təşviq sənədi" mexanizmi formalaşdırılsın".