AZ

Vüqar Gülməmmədov: Dövlət satınalmalarında sistemli problemlər qalmaqdadır

Azərbaycanda dövlət satınalmaları sahəsində aparılan islahatlara baxmayaraq, bu istiqamətdə bir sıra sistemli problemlər hələ də qalmaqdadır.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, dövlət satınalmaları dövlət maliyyə idarəetməsinin ayrılmaz hissəsidir və dövlət vəsaitlərinin səmərəli və şəffaf istifadəsini təmin edən əsas mexanizmlərdən biridir. Dövlət satınalmalarının ÜDM-ə nisbəti dövlətin mal və xidmətlərin alınması yolu ilə iqtisadiyyata təsir səviyyəsini xarakterizə edən mühüm göstəricilərdən hesab olunur.

Bildirilib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində dövlət satınalmalarının ÜDM-ə orta nisbəti 13%, dövlət büdcəsi xərclərinə orta nisbəti isə 28%-dən yüksəkdir. Bu isə dövlət satınalmalarının iqtisadiyyatın böyük bir seqmentini təşkil etdiyini göstərir və bu sahədə hər hansı rəqabətsizlik və ya səmərəsizlik riskinin bütövlükdə iqtisadiyyata təsir etdiyini göstərir.

Vurğulanıb ki, 2024-cü ildə Azərbaycanda ÜDM-in və dövlət büdcəsi xərclərinin artması fonunda dövlət satınalmalarına cəlb olunan vəsaitin həcmi də artıb. Eyni zamanda “Dövlət satınalmaları haqqında” Qanunun yeni redaksiyada qüvvəyə minməsi satınalmaların həm məbləğinə, həm də metodologiyasına əhəmiyyətli təsir göstərib.

Hesablama Palatasının apardığı təhlillər göstərir ki, bəzi hallarda ehtiyaclar düzgün müəyyən edilmir və ehtimal olunan qiymətlər düzgün hesablanmır. 2024-cü ildə rəqabətli satınalmaların 4 229-da və ya 43,1%-də müqavilə məbləği ehtimal olunan qiymətdən 20% və daha çox fərqlənib ki, bu da satınalmaların səmərəliliyi ilə bağlı suallar yaradır.

Bundan başqa, müsabiqəsiz, o cümlədən bir mənbədən satınalma metoduna üstünlük verilməsi halları müşahidə olunur və dövlət satınalmalarının mühüm hissəsi hələ də bu üsulla həyata keçirilir. Qeyd edilib ki, bəzi hallarda müsabiqəsiz satınalma qiymətləri müsabiqəli satınalma qiymətlərindən yüksək olur ki, bu da satınalma fəlsəfəsinə ziddir.

Həmçinin müqavilə şərtlərinin icra dövründə dəyişdirilməsi və müddətlərin uzadılması halları qeydə alınıb ki, bu da qanunvericiliyin pozulması və cərimələrin tətbiq edilməməsi ilə nəticələnə bilir.

V.Gülməmmədov bildirib ki, elektron satınalma və auksion mexanizmlərinin tətbiqi şəffaflığı artırsa da, bu, büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi problemini avtomatik şəkildə aradan qaldırmır.

Onun sözlərinə görə, mövcud problemlərin aradan qaldırılması üçün təkmil hüquqi çərçivənin formalaşdırılması, ehtimal olunan qiymətin hesablanması zamanı süni intellekt imkanlarından istifadə və hüquqi mexanizmlərin effektiv tətbiqini təmin edən institusional strukturların gücləndirilməsi zəruridir.

Seçilən
10
3
apa.az

4Mənbələr