AZ

Orta dəhlizin qlobal perspektivi: “Türkiyəyə yüksək həcmli yüklərin...”

Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadi-ticari, nəqliyyat-kommunikasiya və enerji təhlükəsizliyi sahələrində üçtərəfli münasibətləri gücləndirmək niyyətindədir.

Bu istiqamətdə birgə addımların atılması daha da intensivləşib. Qeyd edək ki, Gürcüstanın Kaxeti bölgəsində Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçirilib. 

Forumun açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Türkiyənin ticarət naziri Ömer Bolat çıxış ediblər.

Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər üç ölkədən sənaye, maliyyə, energetika, İKT, nəqliyyat, logistika, kənd təsərrüfatı, və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər. 

Forumda vurğulanıb ki, Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regionda sabitliyin və dayanıqlı iqtisadi inkişafın möhkəmlənməsinə, enerji, nəqliyyat-logistika və ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verir.

Qeyd olunub ki, bu işbirliyi formatı çərçivəsində reallaşdırılan layihələr regionun enerji mənzərəsini yenidən formalaşdırıb və Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaldıb.

Forumda müzakirələr zamanı enerji resurslarından effektiv istifadə, Orta dəhlizin potensialının reallaşdırılması, rəqəmsal tranzit infrastrukturunun təkmilləşdirilməsi, ölkələrimizin ixrac imkanlarının artırılması və ticarət əlaqələrindəki dinamikanın davamlı dəstəklənməsinin önəmi diqqətə çatdırılıb. 

Tədbirdə, həmçinin üç ölkə arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi və tərəfdaşlığın səmərəliliyinin daha da artırılması imkanları dəyərləndirilib, ikitərəfli ticarət münasibətləri barədə məlumat verilib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiyanı bir-biri ilə birləşdirən Orta dəhliz Avrasiya qitəsində xüsusi əhəmiyyət kəsb edən bir sıra iqtisadi inteqrasiya layihələrinin reallaşması üçün geniş imkanlar yaradır.

Onun sözlərinə görə, qardaş Türkiyə bu dəhlizdə çox fəal şəkildə təmsil olunur:

“Qeyd edim ki, Bakı-Tbilisi-Qars dəmir yolu Orta dəhlizin mühüm tərkib hissəsidir və bu dəmir yolu Mərkəzi Asiyadan Cənubi Qafqaz üzərindən keçməklə Türkiyəyə yüksək həcmli yüklərin daşınmasında əsas və önəmli rol oynayır.

Orta dəhlizin digər vacib komponenti Zəngəzur dəhlizidir ki, bu da yaxın gələcəkdə Şərqdən Qərbə doğru yüklərin daşınması üçün əlverişli şərait yaradacaq.

Bu gün təkcə region dövlətlərinin liderləri deyil, həmçinin müstəqil beyin mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərləri də Zəngəzur dəhlizinin mühüm regional əhəmiyyətə malik olduğunu bildirirlər. Zəngəzur dəhlizi ilə bağlı irəli sürülən layihə dəhlizin rentabilliyini yüksək səviyyədə təmin edəcək bir layihədir”. 

Deputat Zəngəzur dəhlizinin Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ marşrut olması ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib:

“Son zamanlar elə fikirlər səslənir ki, guya Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yoluna, xüsusilə Gürcüstan üzərindən keçən marşrut yollarına alternativ olacaq.

Bu, təmamilə yalnış fikirdir. Bakı-Tbilisi-Qars dəmir yolu Orta dəhlizin birinci dərəcəli marşrut xəttidir ki, bu dəmir yolu üzərindən daşınan yüklərin həcmi ildən ilə artmaqdadır. Bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu üzərindən daşınan yüklərin həcmi bir-iki milyon civarında idisə, indi isə 2025-ci ilin statistik rəqəmlərinə görə, bu rəqəm beş milyon civarındadır.

Bu onu göstərir ki, Bakı-Tbilisi-Qars dəmir yolu öz funksionallığını qoruyub saxlamaqdadır. Ancaq bu da bəllidir ki, Şərqdən Qərbə doğru daşınan yüklərin həcmi ildən ilə artması, Ələt qəsəbəsində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanının geniş şəkildə istifadə olunması, o cümlədən yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının tərkibində yeni beynəlxalq yük hava limanı istifadəyə verilməsinin nəzərdə tutulması, məhz bütövlükdə hamısı yükdaşıma qabiliyyətinin artırılmasını tələb edir. 

Nəticə etibarı ilə belə bir halda Bakı-Tbilisi-Qars dəmir yolunun böyük bir həcmdə yük daşınmalar üçün imkanları məhdud ola bilər. Bu səbəbdən Orta dəhlizin digər seqmentlərinə də fokuslanmaqdayıq. Bu isə təbii ki, Zəngəzur dəhlizidir”. 

A.Allahverənov vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur dəhlizi Orta dəhlizin iki əsas marşrut xəttidir. “Təqribi hesablamaları görə, 2040-cı ildə Zəngəzur dəhlizi üzərindən daşınacaq yüklərin həcmi 70 milyon tona çatdırılması nəzərdə tutulur. Sözügedən dəhlizin infrastrukturu yeni dövrün tələblərinə uyğun olacaq. 

Gürcüstanda da Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılmasına yönələn tədbirlərin görülməsi, ən əsası da dəmir yolunun infrastrukturunun modernləşdirilməsi barədə də məsələlər qaldırılır.

Həm Bakı-Tbilisi-Qars dəmir yolu, həm də Zəngəzur dəhlizi Orta dəhlizin iki prioritet marşrut xətti kimi qiymətləndirilir. Eyni zamanda, hər iki marşrut xətti beynəlxalq yüklərin daşınmasında diversifikasiya prinsipinin geniş şəkildə tətbiq olunmasını həyata keçirəcək”. 

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr