Bakı, 27 fevral, AZƏRTAC
Yüz il əvvəl yalnız Türkiyədən gələn alimlər müstəqil ölkənin təmsilçiləri idilər, bu gün isə burada 7 müstəqil türk dövlətinin nümayəndələri iştirak edir, bu da tarixi ədalətin bərqərar olması deməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar deyib.
Xalq yazıçısı Anar bildirib ki, Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi” haqqında Sərəncamına əsasən, bu əlamətdar hadisənin yubileyi geniş şəkildə qeyd edilir. Əlavə edib ki, bugünkü tədbirin özəl yeri var, çünki Birinci Türkoloji Qurultay 100 il əvvəl məhz bu tarixi məkanda baş tutub.
AYB sədri AMEA Rəyasət Heyəti binasının Böyük akt zalında müxtəlif illərdə baş verən əlamətdar hadisələr, həmçinin bir əsr öncə burada keçirilən Qurultayın tarixi qərarlarının qəbul edilməsi zamanı aparılan gərgin müzakirələr haqqında ətraflı bəhs edib.
Xalq yazıçısı Anar yubileyin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini, bu hadisənin bütün Türk dünyasının bayramı olduğunu vurğulayıb.