Ailə cəmiyyətin ən həssas və ən vacib institutlarından biridir. Ailə daxilində münasibətlərin hansı çərçivədə qurulması, tərəflərin bir-birinə davranışı və ünsiyyət forması daim müzakirə olunan mövzulardandır. Məhz bu zərurətdən irəli gələrək Azərbaycanda ailədaxili münasibətlərlə bağlı hüquqi çərçivə genişləndirilib.
Day.Az xəbər verir ki. yeni yanaşmaya əsasən, həyat yoldaşının xarici görünüşü ilə bağlı alçaldıcı ifadələr işlətmək müəyyən hallarda qanun pozuntusu kimi qiymətləndirilə bilər. Bu dəyişikliklər Ali Məhkəmə Plenumunun şəxsiyyət hüquqlarının müdafiəsi haqqında qərarında öz əksini tapıb.
Hüquqşünas Elçin Kazımlının sözlərinə görə, əsas yeniliklərdən biri ailədaxili psixoloji zorakılığın hüquqi müstəvidə tanınmasıdır.
O bildirib ki, məsələn, sistematik alçaldıcı ifadələr psixoloji zorakılıq hesab oluna bilər. Bunlara xarici görünüşlə bağlı təhqiramiz sözlər işlətmək, həyat yoldaşını başqaları ilə alçaldıcı formada müqayisə etmək, fiziki xüsusiyyətlərinə görə davamlı tənqid etmək, özünə inamını sarsıdan psixoloji təzyiq göstərmək daxildir.
Belə hallarda zərərçəkmiş tərəf məhkəmədə bu faktları sübut etmək vəzifəsini daşıyır.
Elcan Turan
Day.Az