"Google" şirkəti 100 saatlıq nəhəng batareya texnologiyası hazırlayan startap "Form Energy"yə 1 milyard dollarlıq sifariş verib.
Marja xəbər verir ki, "Form Energy" şirkəti ABŞ-ın Minnesota ştatında enerjini 100 saat qənaətlə saxlaya bilən dəmir-hava batareyası üzərində çalışır.
"Form Energy"nin nəhəng dəmir-hava (iron-air) batareyası 100 saat ərzində fasiləsiz olaraq 300 meqavat elektrik enerjisi təmin edə bilir. Sistem müəyyən mənada “nəfəs alaraq” işləyir: hüceyrələrə vurulan oksigen dəmiri paslandırır və bu proses elektronların sərbəst qalmasına səbəb olur. Batareya 1,4 qiqavat külək enerjisi və 200 meqavat günəş enerjisindən gələn elektron axınını balanslaşdırmaq üçün istifadə olunur.
Startap bu texnologiya üzərində illərdir çalışır və batareyaların istehsalı üçün Qərbi Virciniya ştatında zavod qurub. Lakin "Google" ilə bağlanan bu son müqaviləyədək böyük müştəri tapa bilməmişdi.
"Form Energy"nin baş icraçı direktoru Mateo Jaramillo böyük sifariş aldıqlarını və şirkətin 500 milyon dollarlıq yeni investisiya raunduna hazırlaşdığını bildirib. Şirkət bu günə qədər ümumilikdə 1,4 milyard dollar investisiya cəlb edib və gələn il IPO (ilkin kütləvi təklif) həyata keçirməyi planlaşdırır.