AZ

ADB rəsmisi: Kapital bazarları Azərbaycanın iqtisadi transformasiyasına təkan verir

Kapital bazarlarının inkişafı Azərbaycanda iqtisadi transformasiyanın sürətlənməsində mühüm rol oynayır.

APA-Economics” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya regionu üzrə Özəl Sektorun İnkişafı departamentinin rəhbəri Enriko Pinali bildirib.

Onun sözlərinə görə, kapital bazarları yığımların uzunmüddətli investisiyalara çevrilməsi yolu ilə biznes və infrastruktur layihələrinin maliyyələşdirilməsini təmin edir və iqtisadi artımı dəstəkləyir.

“Şirkətlər istiqrazlar və kapital bazarları vasitəsilə maliyyə cəlb etdikdə, qısamüddətli bank maliyyələşməsindən asılılıq azalır. Bu isə onların böyüməyə, innovasiyaya və dayanıqlı inkişaf layihələrinə daha çox vəsait yönəltməsinə imkan yaradır”, – deyə o qeyd edib.

ADB rəsmisi vurğulayıb ki, Bank kapital bazarlarının inkişafını bazarda real aktivliyin formalaşdırılması ilə dəstəkləyir. Bu çərçivədə ADB şirkətlər və maliyyə institutları ilə əməkdaşlıq edərək yeni istiqraz emitentlərinin bazara çıxmasına kömək edir, özü aktiv investor kimi iştirak edərək digər investorların marağını artırır, həmçinin “yaşıl” və dayanıqlı istiqrazlar kimi innovativ maliyyə alətlərinin tətbiqini təşviq edir.

Onun fikrincə, kapital bazarlarının dərinləşdirilməsi uzunmüddətli maliyyə resurslarına çıxışı genişləndirir, biznes mühitinin sabitliyini artırır və ölkənin iqtisadi şaxələndirilməsinə töhfə verir.

Seçilən
15
apa.az

1Mənbələr