AZ

“Airbus”un sabiq rəhbəri fransız-alman ittifaqını strateji səhv adlandırıb

Paris, 27 fevral, AZƏRTAC

Almaniyanın növbəti nəsil döyüş təyyarəsini Böyük Britaniya ilə deyil, Fransa ilə inkişaf etdirməsi səhv qərardır.

“Airbus”un sabiq rəhbəri Tom Enders Avropanın gələcək nəsil döyüş təyyarəsi proqramı olan SCAF ilə bağlı Paris–Berlin əməkdaşlığını açıq şəkildə tənqid edib.

AZƏRTAC xəbər verir ki, o, bu seçimi strateji səhv kimi qiymətləndirərək alternativ olaraq Böyük Britaniya və ya İsveçin “Saab” şirkəti ilə əməkdaşlığı təklif edir.

2005–2019-cu illərdə “Airbus”un baş icraçı direktoru olmuş Enders Almaniyanın “Redaktionsnetzwerk Deutschland” nəşrində dərc olunan məqaləsində bildirib ki, 2017-ci ildə Brexitdən sonra qəbul edilən bu qərar hərbi zərurətdən daha çox siyasi motivlərlə izah olunur. Enders qeyd edib ki, Almaniya təkbaşına da döyüş təyyarəsi hazırlaya bilər, lakin bu, məqsədəuyğun olmaz.

Maraqlıdır ki, onun açıqlamaları SCAF proqramı ətrafında sənaye və siyasi fikir ayrılıqlarının artdığı, Almaniya kansleri Fridrix Mertsin də açıq şübhələr ifadə etdiyi bir vaxta təsadüf edir.

Seçilən
11
azertag.az

1Mənbələr