AZ

Saxta sənəd hazırlayaraq 20 nəfərə qarşı dələduzluqda ittiham edilən qrupun məhkəməsi başlayır

Bir qrup şəxs vətəndaşların etibarından sui-istifadə edərək saxta sənəd hazırlamaqla dələduzluq etməkdə təqsirləndirilir.

APA xəbər verir ki, bununla bağlı cinayət işi başlanılıb.

İttihama görə, təqsirləndirilən şəxslər - Vüsal Nuriyev, Şakir Vahabov, Saleh İsmayılov, Zahid Zeynalov və Bəhruz Mehdiyev saxta sənəd hazırlamaqla vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq ediblər. İş üzrə 20-dən çox şəxs zərərçəkmiş şəxs qismində tanınıb. Dələduzluq işə düzəltmə adı altında həyata keçirilib. Vurulan maddi ziyanın 150 min manatdan çox olduğu bildirilir.

Təqsirləndirilən şəxslərdən Bəhruz Mehdiyev, Saleh İsmayılov, Şakir Vahabov barəsində həbs, Zahid Zeynalov haqqında ev dustaqlığı, Vüsal Nuriyev barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bəhruz Mehdiyevin hərbi qulluqçu olduğu bildirilir.

Təqsirləndirilən Vüsal Nuriyev, Şakir Vahabov Cinayət Məcəlləsinin 178.2.1-ci ( qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci ( dələduzluq, təkrar törədildikdə), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (Bilə-bilə saxta sənədlərdən istifadə etmə), Saleh İsmayılov, Zahid Zeynalov, Bəhruz Mehdiyev 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (Bilə-bilə saxta sənədlərdən istifadə etmə) müddələri ilə ittiham edilir.

Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinin hakimi Zaur Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 10-na təyin edilib.

Seçilən
13
4
apa.az

5Mənbələr