Bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimində çıxışı zamanı səsləndirib.
Akademik İsa Həbibbəyli bildirib ki, bugünkü beynəlxalq konfrans Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamından irəli gələrək təşkil olunub. Ölkə başçısının bu Sərəncamı Türk dünyasında mədəni və mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən təşəbbüslərin dövlət səviyyəsində yüksək qiymətləndirildiyini nümayiş etdirir. Bu sənəd, eyni zamanda, Azərbaycanın türkologiya sahəsində tarixi missiyasını və aparıcı rolunu bir daha təsdiqləyir.
AMEA rəhbəri vurğulayıb ki, 1926-cı ildə Bakı şəhərində, məhz bu tarixi məkanda keçirilmiş Birinci Türkoloji Qurultay XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayda keçmiş Sovetlər Birliyi məkanında yaşayan türk xalqlarının tarixi, dili, ədəbiyyatı, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün böyük əhəmiyyət daşıyan mühüm qərarlar qəbul edilib.
Qurultayın Türk dünyasının tanınmış alim və ziyalılarını bir araya gətirdiyini söyləyən akademik İsa Həbibbəyli bildirib ki, bir əsr öncə təşkil edilmiş bu mötəbər toplantı türkoloq Vasili Radlovun və İsmayıl bəy Qaspıralının xatirələrinə həsr olunub.
O, Birinci Türkoloji Qurultayda Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş 131 nümayəndənin iştirak etdiyini diqqətə çatdırıb. AMEA prezidenti qurultayda türklərin və bütövlükdə Türk dünyasının birliyi, həmrəyliyi, qarşılıqlı əməkdaşlığı, dili və tarixi, etnogenezi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyəti ilə bağlı məruzələrin dinlənildiyini qeyd edib. Vurğulayıb ki, həmin dövrdə Qurultayda iştirak etmiş görkəmli mütəfəkkirlərin elmi irsi bu gün də öz aktuallığını qoruyur və gələcək nəsillər üçün mühüm bələdçi rolunu oynayır.
Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın əsas vəzifələri sırasında Türk dünyasının inteqrasiyası, elmi və mədəni əməkdaşlığın gücləndirilməsinin dayandığını deyərək bildirib ki, Qurultayın ən böyük tarixi xidməti mürəkkəb siyasi şəraitə baxmayaraq latın qrafikalı türk əlifbasının qəbul edilməsi və bununla da türk xalqlarının mədəni inteqrasiyasına yol açması olub. Birinci Türkoloji Qurultay türkologiya elminin əsas istiqamətlərini müəyyənləşdirib.
AMEA rəhbəri Bakı şəhərinin XIX əsrin sonlarından etibarən Türk dünyasında elmi və mədəni inkişafın mərkəzlərindən biri olduğuna diqqət çəkərək, Azərbaycanın zəngin elmi və mədəni potensialı, həmçinin maarifçi və ziyalı təbəqəsinin fəaliyyətinin region üçün önəmli nümunə təşkil etdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra latın qrafikasına keçidi rəsmi şəkildə həyata keçirən ilk türk dövlətlərindən biri olub və bu proses Türk dünyasında mədəni inteqrasiyaya təkan verib.
Akademik İsa Həbibbəyli bu gün Türk dünyasında ortaq mədəni və elmi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlərin görüldüyünü söyləyib. O, 11 sentyabr 2024-cü il tarixində Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən keçirilmiş “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclasında 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzrə ümumi razılığın əldə edildiyini xatırladaraq, bunu Türk dünyasının ortaq mədəni və elmi məkanının formalaşmasında mühüm addım hesab edib.
“Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında 18 fevral 2016-cı il tarixli, eləcə də 100 illik yubileyinin qeyd olunması barədə 22 oktyabr 2025-ci il tarixli ölkə başçısının sərəncamları türk dünyasının alim və mütəfəkkirlərinə dövlət səviyyəsində göstərilən yüksək diqqət və ehtiramın bariz nümunəsidir. Bu təşəbbüslər yalnız tarixi irsin anılması deyil, həm də Türk dünyasında elmi-mədəni əməkdaşlığın, birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət edir”, – deyə AMEA prezidenti vurğulayıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, bugünkü konfransda təqdim olunacaq məruzələr və aparılacaq müzakirələr türkologiya elminin inkişafına təkan verəcək, iştirakçılar arasında elmi əlaqələrin gücləndirilməsinə geniş imkanlar yaradacaq. O, həmçinin konfransın nəticələrinin həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə Türk dünyasında sülhün, birliyin və qardaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib, konfrans işinə uğurlar arzulayıb.