AZ

Əriyən buzlaq parçalarını xilas etmək üçün Antarktidada buz mağaralarından istifadə olunur

Bakı, 27 fevral, AZƏRTAC

Buz Yaddaşı Fondu Antarktidada nümunələrin əsrlər boyu saxlanılacağı ilk dağ buz nüvələri üçün qoruma yeri açıb. Diametri 10 santimetr və uzunluğu bir metr və ya daha çox olan nüvələr xüsusi qazılmış buz mağarasında saxlanılır. İlk parçalar sürətlə kiçilən iki Alp buzlağından gətirilib.

AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, nümunələr dəniz yolu ilə daşınıb və 50 günlük səyahətdən sonra Antarktida yaylasındakı yüksəklikdə yerləşən Fransa-İtaliya ortaq bazası olan Konkordiya stansiyasına çatıb. Konkordiyadakı orta temperatur -52 dərəcə, yanvar ayında isə maksimum -12dərəcədir. Günəşin isitmədiyi buz mağarasının içərisində daha soyuqdur.

Buz Yaddaşı Fondu yoxa çıxan buzlaqlardan buz nüvələrini toplamağı, onları xilas və idarə etməyi, içindəki məlumatları gələcək nəsillər üçün qorumağı hədəfləyir. Minillik tarixi özündə saxlayan buz nüvələri əsrlər boyu baş verən dəyişiklikləri göstərən keçmişdən qalan kiçik atmosfer qabarcıqlarını ehtiva edir. Həmçinin bitki həyatının necə dəyişdiyini göstərən tozcuq izlərinə malikdir və Roma imperiyası dövründə qurğuşun çirklənməsinin artması kimi hadisələri aşkar edə bilər.

İqlim böhranı dərinləşdikcə və buzlaqlar geri çəkildikcə, alimlər dünya miqyasında əriyən buzlaqlardan nüvələri toplamaq və çox gec olmadan onları buz qoruğunda təhlükəsiz şəkildə saxlamaq üçün tələsirlər.

Seçilən
15
2
azertag.az

3Mənbələr