AZ

Xocalı Soyqırımı Memorial Kompleksi tarixi ədalətsizliyə qarşı mübarizəmizin və Qələbəmizin simvoludur



İki il əvvəl təməli qoyulan Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimi bu il məhz 26 fevralda gerçəkləşdi. Bu, təsadüf yox, tarixi qanunauyğunluq və düşmənlərimizə ismarıcdır - biz Simurq (Feniks) kimi öz külündən dirçələn, yenidən güc toplayan, düşməni əzən, zəfər qazanan, taleyini dəyişən, varlığını təsdiqləyən millətik. İndi Xocalıda hər şey dəyişir. Qəsbkar ermənilərin 34 il öncə dinc xocalılılara yaşatdığı vəhşət dolu ağrılı-acılı günləri indi azad Xocalıya qayıdan, böyük arzularla yaşayan uşaqlar və gənc nəslin xoşbəxt ovqatı və təbəssümü ilə əvəzlənir. Bəli, bu gün Xocalı azaddır, şəhərdə həyat yenidən canlanır. Bu şəhərin sakinləri "Böyük Qayıdış" Proqramına uyğun olaraq mərhələli şəkildə öz yurdlarına dönürlər.

Ötən gün açılışı baş tutan Memorial Kompleksi isə həm Xocalı faciəsi ilə bağlı silinməz yaddaşımızın təcəssümüdür, həm də Azərbaycan xalqının əyilməz ruhunun, qayıdışın və dirçəlişin simvoludur. Eyni zamanda, məhz Xocalıda belə bir Memorial Kompleksin yaradılması qalib Azərbaycan dövlətinin gücünün və tarixi ədalətin göstəricisidir. Bu baxımdan, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Memorial Kompleksinin Xocalı şəhərində açılışı çox önəmli tarixi hadisədir. Fevralın 25-də Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüş zamanı "hər zaman güclü olmalıyıq, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq" açıqlaması ilə gələcəyimizin "yol xəritəsi"ni cızan Prezident İlham Əliyevin fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılış mərasimində səsləndirdiyi fikirlər isə ilk növbədə Ermənistanın irqçi-revanşist qüvvələrinə və dünyanın erməniyönümlü qlobalist-liberal dairələrinə ünvanlanmış mesajlardır.

Dövlətimizin başçısı bildirdi ki, Xocalı faciəsi unudulmur və heç vaxt unudulmayacaq. Eyni zamanda, biz elə etməliyik ki, belə faciələr bir daha təkrarlanmasın və ölkəmiz daim sülh, sabitlik və inkişaf yolunda irəliləsin. Ona görə də biz elə gücdə olmalıyıq ki, Ermənistan və dünya erməniliyi Azərbaycana qarşı növbəti dəfə təcavüz etməyi ağlına belə gətirməsin. Bu gün dövlətimiz güclü, özünü müdafiə etməyə qadir olan dövlətdir. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bu, bizim siyasətimizdir. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi hərbi gücümüzün sayəsində bərpa etdiyimiz kimi, postmüharibə dövründə də Ermənistanı məhz bu gücün sayəsində sülhə məcbur etməkdəyik. Bu da o deməkdir ki, iqtisadi gücümüzlə bərabər hərbi cəhətdən də daim güclü olmaq və düşməni qorxu altında saxlamaq sülhün ən etibarlı təminatıdır.

Cənab Prezident də Xocalıdakı çıxışında bu məqama xüsusi olaraq toxunaraq bir daha yaxın keçmişə ekskurs etdi və yada saldı ki, Ermənistan 44 günlük savaşda məğlub edildikdən sonra ona dəfələrlə xəbərdarlıq edildi ki, heç kimə, o cümlədən Qarabağda olan xarici ölkənin hərbçilərinə güvənməsin, separatizmə və xunta rejiminə son qoysun. Lakin Ermənistan buna məhəl qoymadı, nəticədə, Azərbaycan güc yolu ilə Qarabağdakı hərbi xuntanı və separatizmi məhv etdi. Başqa sözlə desək, Ermənistan çoxlu sayda havadarlarına baxmayaraq yenə də məhz gücə tabe oldu. Ona görə də biz bundan sonra da hər zaman o qədər güclü olmalıyıq ki, heç kim bizim torpaqlarımıza bir daha göz dikməsin.

Ermənistan kimi qeyri-adekvat və daima xarici güclər tərəfindən yönləndirilən bir ölkəni yalnız güc yolu ilə sülhə məcbur etmək mümkün idi ki, biz də məhz bunu etdik. Çünki bölgədə sülh və sabitliyin bərqərar olması hava-su kimi vacib idi. Prezident İlham Əliyevin Xocalıdakı nitqindən məlum olan növbəti əsas ismarıc məhz Azərbaycanın postmüharibə dönəmində nümayiş etdirdiyi davamlı sülh ritorikasını diqqət mərkəzinə gətirir. Bu gün Azərbaycan birmənalı olaraq sülhü diktə edən tərəf kimi çıxış edir və Cənubi Qafqazda sabitlik və əmin-amanlığın əbədi olmasını istəyir. Rəsmi Bakı bunun üçün hər şeyi edir. Sülh və sabitlik isə təbii ki, ilk növbədə ədalətin təntənəsinə, haqqın zəfər çalmasına əsaslanır.

Cənab Prezident bildirdi ki, torpaqlarımız 30 ilə yaxın işğal altında qalsa da, lakin sonda ədaləti biz özümüz təmin etdik. Belə ki, Azərbaycan xalqının birliyi, şanlı Ordumuzun qəhrəmanlığı və dövlətimizin qətiyyətli siyasəti nəticəsində ərazi bütövlüyümüz bərpa olundu, eləcə də separatçı xuntanın başçıları, Xocalı qatilləri Bakıya gətirilərək məhkəmə qarşısına çıxarıldı. Bu, ədalətin zəfər mərhələsi, kulminasiya nöqtəsi idi. Prezident İlham Əliyev haqlı olaraq ədalətin təmin olunmasını çoxmərhələli proses kimi təqdim etdi: Güclü iqtisadiyyatın qurulması, müasir və qüdrətli ordunun formalaşdırılması, Xocalı soyqırımının tanıdılması ilə bağlı beynəlxalq hüquqi bazanın möhkəmləndirilməsi, strateji tərəfdaşlıqların genişləndirilməsi, torpaqlarımızın işğaldan azad edilməsi və nəhayət, separatçılığa son qoyularaq xunta rəhbərlərinin, müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması.

Azərbaycan bütün bunlara dövlətin strateji səbri və dövlət başçısının siyasi iradəsi nəticəsində nail olmağı bacardı. Bu baxımdan, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər və 23 saatlıq antiterror əməliyyatının parlaq nəticəsi Azərbaycanın planlı strategiyasının zirvə nöqtəsidirsə, bu gün Xocalıda Soyqırım Memorialının açılması isə ədalətin bərpasının göstəricisidir. Bu hadisə tarixi yaddaşı qorumaq və gələcək nəsillərə həqiqətlərin çatdırılması nöqteyi-nəzərindən də olduqca əhəmiyyətlidir. Xocalı Soyqırımı Memorial Kompleksi tarixi ədalətsizliyə qarşı mübarizəmizin və Qələbəmizin simvoludur.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
47
newscenter.az

1Mənbələr