AZ

Ağstafada qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbiri keçirildi - FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.

Tədbirin əsas məqsədi yerli qurumlar arasında koordinasiyanı gücləndirmək və qəhvəyi mərmər bağacığına qarşı vaxtında və düzgün mübarizə tədbirlərini həyata keçirmək və zərərvericinin yayılma arealını minimuma endirməkdir.

Seymur Orucov tədbiri giriş sözü ilə açaraq bildirib ki, kənd təsərrüfatının inkişafı və fermerlərin rifahının yüksəldilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində aqrar sahəyə dövlət dəstəyi ildən-ilə gücləndirilir, fitosanitar təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev tədbirin əhəmiyyətindən danışaraq görülən işlər və qarşıdakı vəzifələrlə bağlı ətraflı məlumat verib. O bildirib ki, qəhvəyi mərmər bağacığının yayıldığı bölgələrdə mübarizə tədbirləri gücləndirilib, qışlama yerlərinin aşkarlanması istiqamətində monitorinqlərin sayı artırılıb. Yerli əhali və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları barədə ətraflı məlumat verilir. Həmçinin maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq media və sosial şəbəkələrdə paylaşılır.

Tədbir çərçivəsində zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bölgədə əhalinin  maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib.

Seçilən
9
unikal.az

1Mənbələr