AZ

​Süni intellekt videoları ailələri dağıda bilər?

Süni intellekt (AI) əsasında hazırlanan videolar və simulyasiyalar son illərdə inanılmaz sürətlə inkişaf edir. AI əksər insanlar üçün əyləncə və təhsil vasitəsi olsa da, bu texnologiya ailə münasibətlərinə yeni risklər də yaradır. Dərin saxta videolar (deepfake) vasitəsilə yaxınlar və tanışlar haqqında həqiqətə uyğun olmayan görüntülər yaratmaq mümkündür ki, bu da etimadın zəifləməsinə və ailə içində konfliktlərin yaranmasına səbəb ola bilər.
Metbuat.az xəbər verir ki, mütəxəssis Elman Məmmədov saytımıza açıqlamasında insanları diqqətli olmağa səsləyib. Qeyd edib ki, AI ilə hazırlanan videolar emosional manipulasiya məqsədilə də istifadə oluna bilər: “Bu videolar üzündən insanlarda sevdikləri adamlar barədə yanlış təsəvvürlər formalaşa bilər. Azərbaycan kimi Şərq ölkələrində bu cür hallar münasibətlərin pozulmasına gətirib çıxara bilər. Düzdür, hələlik texnologiyanın təsiri əyləncə və informasiya məqsədlidir. Amma gələcəkdə etik və psixoloji problemlərin yaranacağı istisna deyil”. Onun sözlərinə görə, süni intellekt dünyada sürətlə populyarlaşdığına görə gələcəkdə AI-nin ailə həyatına təsirini minimuma endirmək üçün məsuliyyətli istifadə, sərhədlərin müəyyən edilməsi və uşaqların da bu texnologiyadan qorunması vacibdir: “Texnologiya gələcəyi formalaşdırır, lakin emosional və etik balansı qorumaq insanlara bağlıdır. Hər birimiz həm texnologiyadan faydalanmalı, həm də ailə münasibətlərimizi qorumaq üçün diqqətli olmalıyıq. Xüsusilə uşaqlara münasibətdə ayıq-sayıqlığı əldən verməməliyik. Çünki bəzi süni intellekt platformaları uşaqlara uyğun olmayan məzmun təqdim edə bilər, bu da onların psixoloji inkişafına mənfi təsir göstərə bilər. Buna görə valideyn nəzarəti və balanslı istifadənin önəmi böyükdür”.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
19
metbuat.az

1Mənbələr