AZ

Süni intellekt və rəqəmsal inkişaf istiqamətində perspektivlərə gənclərin münasibəti - dəyirmi masa

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Suni intellekt və rəqəmsal inkişaf istiqamətində perspektivlərə gənclərin münasibəti” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbiri açan institutun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü elmi-texniki nailiyyətlərin və rəqəmsal texnologiyaların sürətli inkişafının elmin bütün sahələrində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olduğunu, bu prosesin tədqiqatların daha operativ, dəqiq və sistemli aparılmasına geniş imkanlar yaratdığını deyib.

Süni intellektin elmi tədqiqatların aparılma üsullarını köklü şəkildə dəyişərək məlumatların toplanması, emalı və təhlilini daha sürətləndirəcəyini deyən R.Cümşüdlü tədbirdə iştirak edən gənc alimləri rəqəmsal texnologiyaların imkanlarından fəal şəkildə yararlanmağa çağırıb.

İnstitutun direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev XXI əsrdə internet, sosial şəbəkələr və süni intellekt əsaslı platformaların gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildiyini, rəqəmsal mühitin fərdlərin dünyagörüşünü, davranış modelini və mənəvi orientasiyalarını formalaşdıran əsas amillərdən biri olduğunu deyib.

Rəqəmsal mühit və informasiya cəmiyyətinin formalaşmasının bir tərəfdən müsbət cəhətini qeyd edən E.Mustafayev, digər tərəfdən bəşəriyyəti müəyyən təhlükələrlə üz-üzə qoyduğunu bildirib: “Bu mənada çoxşaxəli informasiya vasitələri və bu vasitələrin yaratdığı geniş imkanlar, nəzarətdən çıxmış məlumatlar seli, məqsədli şəkildə yayılan dezinformasiyalar və yekun nəticə olaraq yaranmış xaotik vəziyyət və ideoloji təhdidlər həyəcan təbili çalmağa əsas verir. Bu mənada, rəqəmsal inkişafı yaxından izləmək və dərindən öyrənmək müasir insanın ən böyük vəzifələrindən biridir”.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin kiçik elmi işçisi Nazim Mənsimov çıxış edərək süni intellektin bugün olduqca böyük əhəmiyyət qazanmış bir məsələ olduğunu deyərək, təkcə bizim ölkədə deyil, bütün dünyada diqqət mərkəzində olan bu mövzunun artıq reallığa çevrildiyini, bu reallığın özünün isə bizdən rəqabət tələb etdiyini qeyd edib. O, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nı, və bu il fevralın 11-də Azərbaycan Prezidentinin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildiyini xatırladıb. Vurğulayıb ki, bu, təkcə dövlət orqanlarının rəhbərlərinə deyil, eyni zamanda, vətəndaş cəmiyyətinə rəqabətə qoşulmağa, dayanıqlılığı təmin etməyə, şəxsi inkişafa səsləyən bir mesajdır.

Dəyirmi masada süni intellektin elmə inteqrasiyasından danışan Cənubi Azərbaycan şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asim Cənnətov bu gün artıq süni intellektin cəmiyyətin bütün sferalarına, eləcə də elmə sirayət etdiyini bildirib. Süni intellekt proqramlarının dünyanın nüfuzlu elmmetrik bazalarında yerləşən jurnallara da inteqrasiya olunduğunu deyən şərqşünas alim süni intellektin verdiyi imkanlardan düzgün istifadənin bu elm sahəsində əldə olunan ümumi nəticəyə müsbət təsir göstərə biləcəyini qeyd edib.

Seçilən
12
1
azertag.az

2Mənbələr