AZ

Pişiklər "Bravo"da at oynadır

Sosial şəbəkələrdə "Bravo" Supermarketlər şəbəkəsi mağazalarından birində çəkilən görüntülər geniş müzakirələrə səbəb olub...

Poliqon Bizimesr.az portalına istinadən xəbər verir ki, yayılan videoda satış üçün düzülmüş kolbasa, məhsulların üzərində pişiyin gəzdiyi və qida vitrinlərinə yaxın təmasda olduğu görünür.

Əgər görüntülər həqiqətən də şəbəkəyə məxsus mağazalardan birində lentə alınıbsa, bu, ciddi suallar yaradır. Böyük ticarət şəbəkəsi kimi fəaliyyət göstərən və bazarda aparıcı mövqe tutduğunu bildirən bir marketdə qida zonasında heyvanın sərbəst hərəkət etməsi qəbulolunmaz hal kimi qiymətləndirilə bilər. Qida təhlükəsizliyi və sanitar qaydalar belə obyektlərdə ən yüksək səviyyədə təmin olunmalıdır.

İstehlakçıların əsas gözləntisi yalnız məhsulun çeşidinin çoxluğu deyil, həm də onun təhlükəsiz və gigiyenik şəraitdə saxlanılmasıdır. Qida məhsullarının üzərində və ya yaxınlığında heyvanın olması potensial sanitariya riski yarada bilər və bu kimi hallar şəbəkənin nəzarət mexanizmlərinin yetərli olub-olmaması ilə bağlı suallar doğurur.

Qeyd edək ki, qida satışı ilə məşğul olan obyektlərdə sanitar-gigiyenik nəzarət məsələləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tənzimlənir. Bu baxımdan məsələ ilə bağlı rəsmi araşdırma aparılıb-aparılmayacağı maraq doğurur.

Hazırda videonun hansı filialda və nə vaxt çəkildiyi dəqiqləşdirilməyib. Bravo Supermarketlər şəbəkəsi tərəfindən isə hələlik rəsmi açıqlama verilməyib.

İstehlakçıların etimadını qorumaq üçün böyük ticarət şəbəkələrinin bu cür hallara operativ və şəffaf reaksiya verməsi vacibdir.

Redaksiya olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, "Bravo" Supermarketlər şəbəkəsinin Baş İcraçı Direktoru Jaime Teixeiradır.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr