Xocavənd, 27 fevral, AZƏRTAC
Bu gün Xocavəndin vüqarlı dağları illərin ağır kədərini üzərindən ataraq yeni və işıqlı bir sabaha gülümsəyir. 1992-ci ilin payızında işğala məruz qalan bu qədim yurd yerimiz 2023-cü ilin sentyabrında rəşadətli Ordumuzun həyata keçirdiyi antiterror əməliyyatı ilə yenidən öz həqiqi sahiblərinə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin elə həmin il oktyabrın 15-də ucaltdığı üçrəngli bayrağımız indi Xocavənd şəhərinin səmalarında azadlıq rəmzi kimi dalğalanmaqdadır.
AZƏRTAC-ın müxbiri Xocavənd şəhərində olub, burada aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini, doğma yurda qayıdan sakinlərin sevincini və şəhərin yenidən həyat qazanmasının canlı mənzərəsini izləyib. Şəhərdə aparılan tikinti işləri, bərpa olunan evlər, yenilənən kommunikasiya xətləri və insanların üzündəki ümid dolu təbəssüm Xocavəndin artıq keçmişin ağrılarını geridə qoyduğunu aydın şəkildə göstərir. Uzun illərin həsrətindən sonra doğma ocaqlarına dönən sakinlər yeni başlanğıcın sevincini yaşayaraq gələcəyə böyük inamla baxırlar.
Xocavəndin küçələri ilə addımlayarkən hər tərəfdə canlanmanın şahidi oluruq. Vaxtilə mövcud olan 980 evin 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək.
Cəmi bir neçə gün əvvəl Xocavənd şəhərinə 50 ailə - 194 doğma sakin qayıdıb, insanlar bir-birilərini təbrik edib, uzun illərin həsrətini silib atıblar. Bu, sadəcə bir rəqəm deyil, 194 ürəyin illərlə çəkdiyi yurd həsrətinin vüsala çevrilməsidir.
Ötən ilin sentyabrından indiyədək Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) qayıdıb. Ümumilikdə 355 ailə - 1485 nəfər artıq dədə-baba torpaqlarında yeni həyatın təməllərini atıb.
Vaxtilə işğal dövründə viran qoyulmuş, sükuta qərq olmuş Xocavənd şəhəri indi dövlətimizin göstərdiyi böyük diqqət və qayğı nəticəsində sanki yenidən doğulur, müasir və çiçəklənən bir məkana çevrilir. İnfrastrukturun sürətlə yenilənməsi, küçələrin abadlaşdırılması və yeni həyatın nəfəsi hər addımda özünü büruzə verir. Xocavəndin azad nəfəsi və pəncərələrdən süzülən yeni, isti evlərin işığı təkcə bir kəndin və ya şəhərin dirçəlişi deyil, həm də xalqımızın sarsılmaz birliyinin, dövlətimizin qüdrətinin və Zəfərin parlaq təntənəsidir.