AZ

Xocalı Soyqırımı Memorialının timsalında Azərbaycan xalqının əyilməz ruhunu görürük ŞƏRH

Bakı, 27 fevral, AZƏRTAC

Tarixi Zəfərimizdən ötən dövrün mühüm reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizin müasir tələbələrə uyğun yenidən qurulması, soydaşlarımızın mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıdışıdır. Bu gün qürurla sakinlərinə qovuşan şəhərlərimizin, kənd və qəsəbələrimizin artan sayından bəhs edirik. Bərpa-quruculuq işlərinin geniş miqyas alması Azərbaycanın iqtisadi qüdrəti ilə yanaşı, xalqımızın necə qurucu xalq olduğunun təqdimatıdır. Otuzillik işğal dövrünün dağıntılarını quruculuq mərhələsi əvəzləyib. Bundan böyük xoşbəxtlik ola bilməz. Xalqımız 30 il məhz bu günlərin həsrəti ilə yaşayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun İkinci Qarabağ müharibəsində, eyni zamanda, birgünlük antiterror tədbirlərində qazandığı zəfərlər bu reallıqları şərtləndirib. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xocalı və Xocavənd rayonlarına səfəri bir daha bu reallıqların təqdimatı olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, səfər zamanı Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdilər. Onlar, həmçinin Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər: “Prezident görüşdə Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həm Azərbaycan dövlətinin, həm də ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının, bir çox qurumların gördüyü işlərdən, həyata keçirilən layihələrdən geniş bəhs edib”.

Deputat bildirib ki, görüşdə tarixi Zəfərimizə gedən yoldan da ətraflı bəhs olunub: “Təbii ki, güclü Azərbaycan həmişə əsas hədəf olub. Güclü Azərbaycan qurmasaydıq, heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu reallıqları bir daha diqqətə çatdırıb. Ərazi bütövlüyümüzün bərpasının əsas məsələ olduğunu önə çəkən dövlətimizin başçısı vurğuladı ki, hazırlıq dövrü çox çəkdi, bu da təbiidir. Çünki güc yığmalı, öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli, Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı, Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul edib. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin hüquqi əsasını təşkil edib. Biz bir çox ölkələrlə sıx ikitərəfli, bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduq. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini çatdırmaq üçün imkan yaradıb. Heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurduq. Güclü ordu qurduq. Yəni hər gün, hər ay biz Qələbəyə doğru addımlayırdıq. Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil”.

Malik Həsənov qeyd edib ki, bu gün Xocalı Soyqırımı Memorialının timsalında Azərbaycan xalqının əyilməz ruhunu görürük.

Seçilən
11
azertag.az

1Mənbələr