Bakı, 27 fevral, AZƏRTAC
Prezident İham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimində iştirakı və səsləndirdiyi fikirlər müasir Azərbaycan dövlətinin siyasi iradəsinin, tarixi ədalət konsepsiyasının və milli yaddaş strategiyasının açıq bəyanıdır. İki il əvvəl dövlət başçısının iştirakı ilə təməli qoyulan kompleksin məhz Xocalıda inşa edilməsi rəmzi hadisə olmaqla yanaşı, ədalətin təntənəsinin canlı ifadəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.
O bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş vəhşilik idi. Lakin uzun illər ərzində beynəlxalq müstəvidə ikili standartlar, siyasi maraqlar və geosiyasi balanslar Xocalı həqiqətlərinin lazımi səviyyədə tanınmasına mane olurdu. Hətta erməni təbliğat maşını hadisələri təhrif etməyə, məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışırdı.
Məhz belə bir şəraitdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına başlandı. Dünyanın müxtəlif ölkələrində keçirilən konfranslar, simpoziumlar, nəşr olunan kitablar və məlumatlandırma layihələri nəticəsində Xocalı həqiqətləri qlobal informasiya məkanına çıxarıldı.
Bu fəaliyyət nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Bu, diplomatik mübarizənin mühüm mərhələsi idi. Lakin Prezident İlham Əliyevin də vurğuladığı kimi, ədalət yalnız siyasi bəyanatlarla təmin olunmur; ədalətin tam bərpası üçün daha ciddi addımlar tələb edilirdi.
"Dövlətimizin başçısının çıxışında xüsusi yer tutan məqamlardan biri Azərbaycanın işğalla heç vaxt barışmaması faktıdır. İşğal dövründə müxtəlif beynəlxalq mərkəzlərdən “reallıqla barışmaq” çağırışları səslənsə də, Azərbaycan rəhbərliyi strateji səbr və hazırlıq siyasəti yürüdürdü. Güclü iqtisadiyyat qurulur, müasir və peşəkar ordu formalaşdırılır, beynəlxalq hüquqi baza möhkəmləndirilirdi.
44 günlük Vətən müharibəsində düşməni məğlub edən Azərbaycan onu kapitulyasiya aktına imza atmağa məcbur etdi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə ölkənin suverenliyinin tam bərpasını təmin etdi və separatçı rejimin mövcudluğuna son qoydu.
Prezident İlham Əliyevin sözləri ilə desək, “ədaləti biz özümüz təmin etdik”. Bu fikir müasir Azərbaycanın dövlət fəlsəfəsinin əsas tezisidir. Milli maraqlar kənar güclərin iradəsinə deyil, xalqın birliyinə və dövlətin qətiyyətinə söykənməlidir.
Bu gün Memorial Kompleksin məhz Xocalıda açılması həm rəmzi, həm də siyasi baxımdan ədalətin təntənəsidir. Bu, həm də Böyük Qayıdış prosesinin mənəvi sütunlarından biridir. Çünki qayıdış təkcə fiziki məskunlaşma deyil, bu, tarixi yaddaşın bərpası, milli ləyaqətin dirçəldilməsi və dövlət suverenliyinin praktik təsdiqidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan artıq 1992-ci ilin zəif və parçalanmış dövləti deyil. Bu gün ölkə özünü müdafiə etməyə qadir, regional güc mərkəzinə çevrilmiş, siyasi iradəsi sarsılmaz olan dövlətdir. Güclü dövlət isə sülhün əsas təminatçısıdır. Məhz güc amili nəticəsində Azərbaycan cəmiyyəti bu gün təhlükəsizlik və sabitlik şəraitində yaşayır”, - deyə A. Kərimli vurğulayıb.
Deputat əlavə edib ki, Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı, sadəcə, soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi deyil, həm də gələcəyə ünvanlanmış siyasi mesajdır.
Xocalı soyqırımı isə xalqımızın yaddaşında əbədi yaşayacaq. Lakin artıq bu yaddaş məğlubiyyət psixologiyası ilə deyil, qalib xalqın ləyaqəti ilə müşayiət olunur. Memorial Kompleksi isə həm şəhidlərin ruhuna ehtiram, həm də gələcək nəsillərə ünvanlanmış xəbərdarlıqdır. Güclü dövlət, bir yumruq kimi birləşmiş xalq və əyilməz iradə olduğu müddətdə belə faciələr bir daha təkrarlanmayacaq.