Paris, 27 fevral, AZƏRTAC
Parisin ən böyük məscidi -“La Grande Mosquee”də cümə xütbəsində Xocalı faciəsi zamanı baş verənlər haqqında ictimaiyyət məlumatlandırılıb, soyqırımı qurbanlarının xatirəsi yad edilərək ruhlarına dua oxunub.
AZƏRTAC xəbər verir ki, xütbə zamanı din xadimi tarix boyu bir çox müsəlman xalqlarının zülm, haqsızlıq və qətliamlarla üzləşdiyini bildirib. O, nitqində müsəlmanlar əleyhinə hücumların bu gün də davam etdiyini qeyd edib, 1992-ci fevralın 25-dən 26-na keçən gecə Xocalıda son dərəcə dəhşətli faciə yaşandığını vurğulayıb. Bildirib ki, 34 il əvvəl həmin gecə insanlar amansızlıqla qətlə yetirilib. Xocalı şəhəri tamamilə dağıdılaraq yerlə-yeksan edilib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər azərbaycanlı öz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. O, Xocalı qətliamını insanlıq tarixində utancverici ləkə kimi qiymətləndirib.
Xocalı soyqırımının 34-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Sonda bütün müsəlmanları həmrəyliyə səsləyən xətib gələcəkdə bu cür faciələrin baş verməməsi üçün birlik nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.