AZ

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın birinci günü başa çatıb

Bakı, 27 fevral, Aysel Azadqızı, foto Səfiyar Məcnun, video Mirrəsul Cəfərov, AZƏRTAC

Fevralın 27-də AMEA Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq elmi konfransın iştirakçıları AMEA Rəyasət Heyətinin foyesində Birinci Türkoloji Qurultaya həsr olunmuş məlumat bazası, virtual sərgi, eləcə də AMEA-da yubileylə bağlı nəşr edilmiş kitablarla tanış olublar.

Konfrans Birinci Türkoloji Qurultayın təşkilində yaxından iştirak etmiş Türk dünyasının görkəmli şəxsiyyətlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi və mədəni birliyinin tarixi təməli olduğunu söyləyib. Vurğulayıb ki, 1926-cı ildə Bakı şəhərində, məhz bu tarixi məkanda keçirilmiş Birinci Türkoloji Qurultay XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. AMEA prezidenti qeyd edib ki, konfransda təqdim olunacaq məruzələr və aparılacaq müzakirələr türkologiya elminin inkişafına təkan verəcək, iştirakçılar arasında elmi əlaqələrin gücləndirilməsinə geniş imkanlar yaradacaq.

Türkiyənin Yunus Əmrə İnstitutunun prezidenti, professor Abdurrahman Aliy Birinci Türkoloji Qurultayı ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış mühüm hadisə kimi dəyərləndirib. O, Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyaların müasir şəraitdə uğurla gerçəkləşdiyini söyləyib. Türkiyəli professor qeyd edib ki, Qurultayın 100 illik yubileyi Türk dünyasının intellektual irsinin yenidən qiymətləndirilməsi, türkologiyanın aktual məsələlərinin müzakirəsi və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Daha sonra Birinci Türkoloji Qurultaya həsr olunan film nümayiş etdirilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Birinci Türkoloji Qurultayın Türk dünyasının zəngin keçmişinə istinad etdiyini, gələcək barədə düşünmək, ortaq strateji baxışlar və mədəni həmrəyliyin əsaslarını müəyyənləşdirmək baxımından mühüm nəticələrlə yadda qaldığını söyləyib. Nazir müavini AMEA-da müxtəlif dövlət qurumları, nazirliklərlə birgə Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar bir sıra elmi tədbirlər təşkil olunduğunu, sanballı nəşrlər hazırlandığını, müxtəlif tədqiqat və mədəniyyət layihələri həyata keçirildiyini diqqətə çatdırıb.

Daha sonra Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, milli təhsil nazirinin müavini dosent Celile Ören Ökten, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Türkiyənin ölkəmizdəki səfiri professor Birol Akgün, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyə millət vəkili, AK Partiya sədr müavini, Türk Dövlətləri ilə əlaqələr üzrə başqan, professor Kürşat Zorlu, Atatürk Kültür, Dil, Tarix Yüksək Qurumunun prezidenti, professor Dərya Örs, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert, Xalq şairi Sabir Rüstəmxanlı çıxış ediblər.

Türk Mədəniyyəti Araşdırma İnstitutunun direktoru professor Ahmet Bican Ercilasun “Türkologiyanın strateji əsasları Qurultay miqyasında”, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov “Birinci Türkoloji Qurultayda Azərbaycan” və Azərbaycan Dillər Universitetinin professoru Adil Babayev “Birinci Türkoloji Qurultay iştirakçılarının aqibəti və şərəfi” mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxışlarda Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, ideya əsaslarını və təşkilatçılarının elmi irsini müasir elmi yanaşmalar kontekstində təhlil etmək baxımından tədbirin önəmi qeyd edilib. Bildirilib ki, bu tədbir Türk dünyasının intellektual birliyini möhkəmləndirən, elmi dialoqu dərinləşdirən və yeni tədqiqatlara yol açan mühüm platformadır.

Daha sonra tədbir işini panel iclaslarla davam etdirib.

Beynəlxalq elmi konfransda Azərbaycandan başqa, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və başqa ölkələrdən gəlmiş tanınmış elm adamlarının məruzələri dinlənilib.

Konfrans çərçivəsində “Birinci Türkoloji Qurultayın çağırılmasının tarixi və ictimai zərurəti”, “Qurultayın təşkilatçıları və aparıcı simalarının türkologiya elminə töhfələri”, “Qurultay qərarlarının türk xalqlarının elmi və mədəni inkişafına təsiri”, “Türk dillərinin tədqiqi, əlifba və terminologiya məsələləri, metodoloji yanaşmalar, “Qurultay ideyalarının sovet dövründə və sonrakı mərhələlərdə inkişaf dinamikası”, “Müstəqillik dövründə türkologiyanın qarşısında duran çağırışlar, “Qlobal elmi mühitdə türkoloji araşdırmaların perspektivləri” və “Qurultayın az araşdırılmış pərdəarxası məqamları” istiqamətləri üzrə müzakirələr aparılıb.

Dilçilər, tarixçilər, etnoqraflar, ədəbiyyatşünaslar və mədəniyyət tədqiqatçıları türkologiya elminin aktual problemlərini müxtəlif elmi məktəblərin baxış bucağından təqdim ediblər.

Qeyd edək ki, beynəlxalq elmi konfransın iştirakçıları fevralın 28-də Xəzər Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş simpoziumda da iştirak və çıxış edəcəklər.

Seçilən
7
1
azertag.az

2Mənbələr