GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iclasında bəzi alimlərin yuxulaması ilə bağlı yayılan görüntülər ətrafında müzakirələr səngimir. Belə ki, sosial şəbəkələrdə onların fəaliyyətsiz olduğu, formal elmi dərəcələr aldığı və büdcədən əsassız maaş aldığı iddiaları səsləndirilir.
Azərbaycan alimləri haqda deyilən bu sözlər həqiqətdirmi? Onların elmi fəaliyyəti yetərlidirmi? Onlar hansı sahədə elmi araşdırma aparıb nəticə əldə ediblər?
Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı deyib ki, Azərbaycan elminin və alimlərinin dövlətimizin, xalqımızın inkişafında çox böyük xidmətləri olub, mühüm nailiyyətlər əldə edilib:
“Bu nailiyyətlər bu gün də davam edir. Yaxın Şərqdə və müsəlman dünyasında ilk akademik elmi mərkəzlərdən biri olan AMEA böyük tarixə malikdir və uzun illər güclü elmi mərkəz kimi tanınıb. Yüzlərlə, minlərlə alim yetişdirib, çoxsaylı ixtiraların və elmi kəşflərin ərsəyə gəlməsində mühüm rol oynayıb. Azərbaycan mədəniyyətindən tutmuş texnologiya, sənaye və iqtisadiyyata qədər müxtəlif sahələrdə elmi institutların böyük töhfəsi olub. Son dövrlərdə müəyyən problemlərin mövcudluğu danılmazdır. Bu da onunla bağlıdır ki, AMEA çox nəhəng elmi infrastruktura malikdir. Tərkibində çoxsaylı institutlar, laboratoriyalar, mərkəzlər fəaliyyət göstərir və onların yüksək səviyyədə işləməsi üçün böyük maliyyə vəsaiti tələb olunur. Aydındır ki, biz bu sahədə Almaniya, ABŞ, Yaponiya, Rusiya kimi dövlətlərlə eyni miqyasda rəqabət apara bilmərik. Yəni ora milyardlarla vəsait yönəltmək imkanımız yoxdur və bu, obyektiv reallıqdır”.
Elçin Bayramlı
Sosioloq bildirib ki, neft, qaz, kimya sahələrində, geofiziki, geoloji proseslərin öyrənilməsində, sənaye və istehsalatda tətbiqi layihələrdə AMEA-nın konkret və faydalı nəticələri var:
“Əlbəttə, nöqsanlar və çatışmazlıqların aradan qaldırılması vacibdir. Problemi həll etmək lazımdır, qurumun ləğvinə ehtiyac yoxdur. AMEA-nı qorumaq, inkişaf etdirmək, imkanlar daxilində genişləndirmək lazımdır. Yeni texnologiyalarla, müasir laboratoriyalarla təmin etmək, alimləri stimullaşdırmaq, onların əməkhaqqını və elmi fəaliyyət üçün maddi-texniki bazanı gücləndirmək vacibdir. Bu istiqamətdə işlər görülür və mərhələli şəkildə davam edir. Düzdür, bəzi alimlər həddən artıq yaşlıdır. Amma bu, dünyanın hər yerində müşahidə olunan təbii prosesdir. Bunu şouya çevirmək düzgün deyil. Problem varsa, onu əsaslandırmaq və həlli yollarını göstərmək lazımdır. AMEA sehrbaz deyil ki, bütün problemləri birdən həll etsin. Alimlərimiz mövcud elmi-texniki baza çərçivəsində fəaliyyət göstərirlər və olmayan imkanları tələb etmək ədalətli yanaşma deyil”.
Elçin Bayramlının sözlərinə görə, AMEA böyük və strateji əhəmiyyət daşıyan bir infrastrukturdur:
“Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan elmtutumlu sahələri inkişaf etdirməlidir. Bu istiqamətdə investisiyalar artırılır, elmə diqqət gücləndirilir, alimlərin əməkhaqqı mərhələli şəkildə yüksəldilir. Biz elm və texnologiya əsrində yaşayırıq. Bu sahəni inkişaf etdirmək milli prioritet olmalıdır. Elmi lağa qoymaq çıxış yolu deyil. Ümid edirəm ki, yaxın gələcəkdə ölkənin əsas milli dayaqlarından biri məhz güclü elmi baza olacaq”.
Ləman İmran
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.