AZ

Azərbaycanda bu şəxslərin iş saatları dəyişdirilə bilər

Azərbaycanda bəzi sahələr üzrə işə başlama və işin bitmə saatlarının dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır.

Far.Az-in məlumatına görə, məqsəd əsasən paytaxt və iri şəhərlərdə müşahidə olunan tıxacların və pik saat sıxlığının azaldılmasıdır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Far.Az-ə bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejimi artıq tətbiq olunur və bu model konkret nəticələr verir:

"Fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır.

Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır.

Gözlənilir ki, 2026-cı ildə Azərbaycanda da dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi reallaşa bilər. Bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq".

Qeyd edək ki, hazırda bir çox idarə və müəssisənin eyni vaxtda – əsasən səhər saat 09:00-da işə başlaması şəhər nəqliyyat sistemində pik yüklənmə yaradır. Alternativ modeldə isə bəzi qurumların 08:00, digərlərinin 09:30 və ya 10:00-da işə başlaması nəzərdə tutula bilər.

Müzakirə olunan ehtimal variantlara əsasən iş saatlarında dəyişiklik aşağıdakı sahələri əhatə edə bilər:

Dövlət qurumlarının bir hissəsi

Bank və maliyyə sektoru

Təhsil müəssisələrinin müəyyən kateqoriyaları

Böyük özəl şirkətlər və biznes mərkəzləri

İri ticarət və xidmət obyektləri

Bundan əlavə, bəzi sahələrdə məsafədən və ya hibrid iş modelinin genişləndirilməsi də alternativ həll yolu kimi qiymətləndirilir. Qeyd olunur ki, yekun qərar qəbul ediləcəyi təqdirdə dəyişikliklər mərhələli və koordinasiyalı şəkildə həyata keçiriləcək ki, həm iş prosesinə, həm də vətəndaşların gündəlik həyatına minimum təsir göstərilsin.

Orxan Hüseyn

Seçilən
12
1
far.az

2Mənbələr