AZ

Dollara tələbat azaldı, manata etibar artdı Ekspertlər səbəbləri açıqlayır

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda bankların nağd ABŞ dolları satışı 2 dəfədən çox azalıb. 2026-cı ilin yanvar ayında Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılan əməliyyatların həcmi 260 milyon 423 min dollar təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,5% və ya 149,9 milyon dollar azdır.

İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bunun əsas səbəbinin insanların gəlirlərinin azalması olduğunu bildirib:

"Azərbaycanda insanlar valyuta ehtiyatlarını əsasən dollar və avro ilə saxlayır. İndi isə xərclər artıb, gəlirlər azalıb. Heç kəs valyuta almaq halında deyil".

Əkrəm Həsənov ikinci səbəb kimi dollar alışına qoyulmuş məhdudiyyəti göstərib:

"Artıq 5 ilə yaxındır ki, Azərbaycanda qeyri-qanuni valyuta alışına məhdudiyyət qoyulub. Bu da insanları qorxudur".

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə isə bu göstərici cari vəziyyəti əhatə edir, 3-5 aydan sonra vəziyyətin necə dəyişəcəyi bilinmir:

"Əslində isə dollara tələbatın azalması Azərbaycan maliyyə sektoru üçün yaxşı xəbərdir”.

Xalid Kərimlinin sözlərinə görə, bu tələbatın azalması xüsusilə bir neçə faktorla bağlıdır:

"Hazırda insanların manata olan etibarı çox yüksək səviyyədədir. Bunu elə Mərkəzi Bankın statistikası da göstərir. Depozitlərin strukturunda valyuta depozitləri tarixin ən aşağı səviyyəsinə düşüb. Tədiyyə balansı profisitlidir, əhalinin psixoloji cəhətdən manata etibarı əvvəlki kimi formalaşıb. Neftin qiymətləri düşsə də, hələ də dövlətin proqnozlaşdırdığı səviyyələrdədir. Hökumət neftin qiymətini 65 dollar proqnozlaşdırıb, elə iki aydır da bu qiymətlər 65-70 dollar arasında gedib-gəlir".

Ekspert vurğulayıb ki, dövlətin maliyyə sistemi baxımından vəziyyət çox yaxşıdır:

"Əhalinin manata etibarı yüksək səviyyədədir, xarici valyutaya tələbi aşağıdır. Bundan başqa, idxal rəqəmlərində də müqayisəli azalmalar var. Əhalinin manata olan tələbatı və resurslarını dollardan saxlamamağı kimi məsələlər də önəmlidir. 2024-cü ilin sonlarında insanlar narahat idisə, yatırımlarını dollarla edirdilərsə, indi əks proses gedir. Dolları yenidən manata dəyişir, dollar almır”.

Günay İlqarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
qaynarinfo.az

1Mənbələr