Böyük Britaniyanın keçmiş Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenskinin yanında İqtisadi Bərpa üzrə Beynəlxalq Məşvərət Şurasında ödənişsiz vəzifə tutub.
Redaktor.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.
Məlumata görə, keçmiş baş nazir, ölkə gələn qışa qədər enerji sektorunu bərpa etməyə çalışarkən, Ukrayna hökumətinə iqtisadi dirçəlişlə bağlı məsləhətlər verməyə başlayıb.
Məşvərət Şurasının həm Zelenskiyə, həm də onun iqtisadi müşaviri, Kanadanın keçmiş Baş nazirinin müavini Xristia Frilanda məsləhət vermək üçün bir qrup ekspert təmin etməsi gözlənilir.
Sunak bildirib ki, Baş nazir vəzifəsində olarkən Ukraynanı dəstəkləmək onun üçün şərəf olub.
"Qərbin güclü Ukraynaya, güclü Ukraynanın isə güclü iqtisadiyyata ehtiyacı var. Buna görə də, Prezident Zelenskiyə iqtisadi bərpa məsələləri üzrə məsləhət verən beynəlxalq qrupa qoşulduğum üçün çox şadam. Əminəm ki, Ukrayna öz insan kapitalı, təbii sərvətləri və innovasiya mədəniyyəti ilə Avropanın ən dinamik iqtisadiyyatına malik ölkələrindən birinə çevrilə bilər", - o əlavə edib.
Nəşrin məlumatına görə, Sunak fevralın 26-da Dünya Bankının Prezidenti Acay Banqa və Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti Odil Reno-Basso da daxil olmaqla, digər beynəlxalq xadimlərlə birlikdə şuranın ilk iclasında iştirak edib.