AZ

SAF Hospitaldan 43 yaşlı həkimin ölümü ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib. 43 yaşlı həkimin cərrahi əməliyyatdan sonra vəziyyətinin ağırlaşdığı və bu səbəbdən həyatını itirdiyi bildirilir.

Həyatını itirən həkimin bacısı Səkinə Əhədova saytımıza açıqlamasında Gülnarə Əkbərovanın həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, G.Əkbərova SAF Hospitalda dünyasını dəyişib.

SAF Hospitaldan sorğumuza cavab olaraq həkimin orada öldüyü təsdiqlənib. Hospitalın ictimai əlaqələr və marketinq üzrə şöbə müdiri Günay Kazımova saytımıza açıqlamasında bildirib ki, G.Əkbərova tibb mərkəzinə ağır vəziyyətdə gətirilib:

“1983-cü il təvəllüdlü, onkoloji xəstəlikdən əziyyət çəkən pasiyent 25 fevral tarixində ağır vəziyyətdə digər tibb müəssisəsindən “SAF Hospital”a təxliyə olunub. Pasiyentin tənəffüsü traxeostom boru vasitəsilə süni tənəffüs aparatı (STA) ilə təmin edilirdi.

Qəbul zamanı traxeya və traxeostoma nahiyəsindən aktiv qanaxma müşahidə olunurdu.

Pasiyent hemodinamik cəhətdən kritik qeyri-stabil vəziyyətdə idi. Arterial təzyiq yüksək dozalı üçkomponentli inotrop dəstəyi ilə saxlanılırdı. Şüur səviyyəsi Glasgow Koma Şkalası üzrə 3 bal (GKS 3) olaraq qiymətləndirilirdi. Qanaxmanın mənbəyini müəyyən etmək məqsədilə selektiv angioqrafiya müayinəsi icra edilib. Angioqrafiya zamanı hər hansı cərrahi və ya digər invaziv müdaxilə aparılmayıb.

Müayinədən sonra pasiyent reanimasiya şöbəsinə köçürülüb. Reanimasiya şöbəsində müşahidə zamanı qanaxma davam edib, sonradan qəfil və profuz xarakter alıb. Təxminən 1500 ml həcmində massiv qan itkisi fonunda hemorragik şok inkişaf edib, arterial təzyiqin kəskin enməsi qeydə alınıb.

Aparılan intensiv terapiya, yüksək dozalı vazopressor və inotrop dəstək, həmçinin transfuzion və perfuzion müalicəyə baxmayaraq, arterial təzyiqin stabilləşdirilməsi mümkün olmayıb.

Massiv qanaxma və proqressivləşən hemorragik şok fonunda pasiyentdə kardiopulmonar fəaliyyətin dayanması baş verib. Aparılmış bütün reanimasion tədbirlərə baxmayaraq, bioloji ölüm qeydə alınıb”.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
1
3
bizim.media

7Mənbələr