Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycanda valyuta mübadiləsi zamanı müəyyən məbləğdən yuxarı əməliyyatlar aparan şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunur. Eyni zamanda, valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik təşkilatlar və banklar son bir il ərzində böyük məbləğdə əməliyyat aparan müştərilər üçün gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir
Qaynarinfo xəbər verir ki, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4-cü və "Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası"nın 3.2-ci bəndinə əsasən valyuta mübadiləsi məntəqəsində və ya bankda nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10 000 ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.
Bununla yanaşı, valyuta məntəqəsində aparılan valyuta mübadiləsinin həcmindən asılı olmayaraq təşkilatdaxili qaydalara əsasən valyuta məntəqəsi tərəfindən şəxsiyyət vəsiqəsi tələb edilə bilər.
Valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziya almış şəxslər tərəfindən aparılan əməliyyatların gündəlik həddi 20 000 manat və ona ekvivalent məbləğdən artıq olmamalıdır. Lakin banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması zamanı belə bir gündəlik limit müəyyən edilməyib.
"Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın 3.3-cü bəndinə və "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.7-ci bəndinə əsasən, banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında son bir il ərzində 20 000 manat və ona ekvivalent məbləğdən artıq əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.
Günay
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.