Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı Baş Səhiyyə Mərkəzi “Azəriqaz” İstehsalat Birliyini onlara 255 min manatdan artıq əsassız borc yazmaqda ittiham edir.
Bizimyol.info xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzi bu məsələ ilə əlaqədar “Azəriqaz”ı məhkəməyə verib. Məhkəməyə iddia ərizəsində 255 min manatlıq borcun silinməsi xahiş olunub.
Bakı Baş Səhiyyə Mərkəzinin iddiasına görə, “Azəriqaz”dan onlara bildirilib ki, bu borc 2010-2011-ci illərdən əvvələ aiddir. Lakin bu qədər böyük məbləğdə borcun yığılıb qalmasını təsdiqləyən heç bir sübut-dəlil ortaya qoyulmayıb.
“Tibb müəssisələrinə qaz verilməsinin dayandırılmasının qarşısını almaq üçün biz də məcbur olub, onların borcla bağlı təqdim etdiyi üzləşmə aktlarını təsdiq etmişik”, - deyə Bakı Baş Səhiyyə Mərkəzinin şikayətində bildirilib.
“Azəriqaz”ın nümayəndəsi bu tələblə razılaşmasa da, məhkəmə iddianı təmin edib. Bakı Kommersiya Məhkəməsinin qərarında yazılıb ki, “Azəriqaz” İstehsalat Birliyi borcun hansı əsasla hesablanması barədə sənəd təqdim edə bilməyib: “Sadəcə, birtərəfli qaydada tərtib edilmiş və əsası əks olunmamış abonentin saldosunu təqdim etməklə kifayətlənib”.
“Azəriqaz” məhkəmənin qərarını əsassız hesab edərək, apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi borcun silinməsi məsələsində aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Lakin silinməli borc məbləğini 3 min manat azaldıb. Məbləğ 255 min manatdan 252 min manata endirilib.
Aytən, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.