AZ

“Gələcəkdə banklarda ən çox tələb olunan işçilər İKT mütəxəssisləri, risk menecerləri və analitiklər olacaq”

ain.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycanda son bir ayda bank işçilərinin sayı 154 nəfər azalıb. 2026-cı ilin yanvar ayında bank sektorunda çalışanların sayı 27 235 nəfər təşkil edib. Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. 2025-ci ilin dekabr ayında bank işçilərinin sayı 27 389 nəfər olub ki, bu da aylıq müqayisədə 154 nəfərin azalması deməkdir. 31 yanvar 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 504, şöbələrinin sayı 85, ATM-lərin sayı 3,498 olmuşdur. Son bir ayda bank sektorunda işçi sayının azalmasının səbəbləri nələr ola bilər - rəqəmsallaşma, yoxsa digər iqtisadi faktorlar?

İqtisadçı ekspert Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bank sektorunda bir çox xidmətlər mobil tətbiqlər və onlayn platformalar üzərindən həyata keçirilir.

Asif İbrahimov

“Bu proses sektor daxilində gedən struktur dəyişikliklərinin göstəricisi kimi qiymətləndirilməlidir. Bu azalmanın birdən çox bir neçə əsas səbəbi var.

İlk olaraq onu deyə bilərəm ki, bank sektorunda rəqəmsallaşma prosesi sürətlənir. Bir çox xidmətlər artıq mobil tətbiqlər və onlayn platformalar üzərindən həyata keçirilir. Bu isə ənənəvi ofis əməkdaşlarına olan tələbatı nisbətən azaldır.

İkincisi odur ki, bankların optimallaşdırma siyasəti müşahidə olunur. Xərclərin azaldılması və effektivliyin artırılması məqsədilə bəzi vəzifələr ixtisar edilir və ya birləşdirilir.

Üçüncüsü də, filial şəbəkəsinin genişlənməməsi, əksinə bəzi hallarda daha kompakt modelə keçid də işçi sayına təsir edir. Baxmayaraq ki, hazırda ölkədə 550-yə yaxın filial, 85 şöbə və 3500- ə yaxında da ATM fəaliyyət göstərir, əsas artım fiziki deyil, rəqəmsal kanallar üzərindədir. Bu tendensiyanın müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, bank sektoru daha modern, çevik və texnologiya əsaslı modelə keçir. Mənfi tərəfi isə məşğulluğa təsir riskidir. Bank sektoru uzun illər stabil iş yerləri yaradan sahələrdən biri olub və burada azalma əmək bazarı baxımından diqqətlə izlənilməlidir. Qısaca, bu proses bank sektorunun zəifləməsi deyil, əksinə transformasiyasıdır.

Gələcəkdə banklarda ən çox tələb olunan işçilər klassik kassir və operatorlar deyil, daha çox İKT mütəxəssisləri, risk menecerləri və analitiklər olacaq. Əsas məsələ bu keçid dövründə insan resurslarının müasir tələblərə və bazar şərtlərinə uyğunlaşdırılmasıdır”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
bizimyol.info

1Mənbələr