AZ

Yer kürəsinin yaddaşı əriyir: alimlər buzları “qaçırır”

Dünyanın ən qədim iqlim arxivi gözümüzün önündə yox olur. Alimlər isə vaxtla yarışaraq bu “təbii yaddaşı” xilas etməyə çalışırlar.

"Ölkə.Az" xarici mediaya istinadən xəbər verir ki, "Ice Memory Foundation" əriyən buzlaqlardan götürülən buz nüvələrini qorumaq üçün Antarktidada xüsusi buz mağarası yaradıb. Diametri təxminən 10 santimetr, uzunluğu bir metr və daha çox olan buz silindrləri burada, təbii dondurucu şəraitdə saxlanılır. İlk nümunələr sürətlə geri çəkilən Alp buzlaqlarından toplanıb.

Nümunələr 50 günlük dəniz səyahətindən sonra Antarktida yaylasında yerləşən Fransa–İtaliya birgə elmi bazası — Konkordiya stansiyasına çatdırılıb. Burada orta temperatur -52°C-dir. Günəş işığının düşmədiyi buz tunelinin daxilində isə temperatur daha da aşağıdır — yəni minilliklər boyu qorunmaq üçün ideal şərait.

Bəs bu buz parçaları niyə bu qədər önəmlidir?

Çünki onların içində min illərin “hava arxivi” saxlanılır. Kiçik hava qabarcıqları keçmiş atmosferin tərkibini göstərir, tozcuq izləri bitki örtüyünün necə dəyişdiyini sübut edir. Hətta Roma imperiyası dövründə havadakı qurğuşun səviyyəsini belə müəyyən etmək mümkündür.

İqlim böhranı dərinləşdikcə buzlaqlar sürətlə əriyir. Alimlər anlayır ki, əgər indi hərəkət etməsələr, Yer kürəsinin iqlim tarixinin böyük hissəsi birdəfəlik yoxa çıxa bilər. Antarktidada yaradılan bu buz “seyfi” isə gələcək nəsillər üçün saxlanılan səssiz, amma həyati əhəmiyyətli arxivdir.

Seçilən
24
olke.az

1Mənbələr