AZ

Uşaqların sosial şəbəkə istifadəsi artıq dövlət səviyyəsində tənzimlənəcək ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əmrah Həsənli: "Yeni Sərəncam uşaqları rəqəmsal təhlükələrdən qorumağa yönəlib"

“Mən bu Sərəncamı kifayət qədər əsaslı və zamanın tələblərinə uyğun addım kimi qiymətləndirirəm. Artıq reallıq ondan ibarətdir ki, sosial şəbəkələr uşaqların həyatına çox erkən yaşdan daxil olur və bu mühitdə həm faydalı imkanlar, həm də ciddi risklər mövcuddur. Ona görə də bu sahənin hüquqi və institusional çərçivədə tənzimlənməsi zəruri idi”.

Bu fikri “Sherg.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi. 

Ekspert qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Sərəncam balanslı yanaşmanı hədəfləyir: 

- Burada məqsəd qadağa tətbiq etmək deyil, uşaqları zərərli məzmundan və təhlükəli təsirlərdən qorumaq, eyni zamanda onların rəqəmsal bacarıqlarını inkişaf etdirməkdir. Yaş məhdudiyyətinin tətbiqi, sosial şəbəkələrin məsuliyyətinin artırılması, məktəblərdə mobil və elektron cihaz istifadəsinə dair qaydaların müəyyənləşdirilməsi və rəqəmsal savadlılığın kurikulumlara daxil edilməsi bir-birini tamamlayan mexanizmlərdir.

Ə.Həsənli vurğuladı ki, xüsusilə təhsil müstəvisində bu qərarın əhəmiyyəti böyükdür: 

- Çünki uşağa “istifadə etmə” demək çıxış yolu deyil. Ona düzgün istifadə etməyi, informasiya təhlükəsizliyini qorumağı, onlayn davranış mədəniyyətini öyrətmək lazımdır. Paralel olaraq valideyn və müəllim maarifləndirilməsi də gücləndirilməlidir ki, proses kompleks şəkildə idarə olunsun. Hesab edirəm ki, əgər qəbul ediləcək normativ aktlar real tətbiq mexanizmləri ilə müşayiət olunsa, bu Sərəncam uşaqların rəqəmsal rifahının qorunması və sağlam inkişafı baxımından mühüm nəticələr verə bilər. Mən təşəbbüsü dəstəkləyirəm və bunu gələcək nəsillərin təhlükəsizliyi naminə atılmış strateji addım kimi dəyərləndirirəm.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
sherg.az

1Mənbələr