iPhone smartfonları və iPad planşetləri NATO-nun məxfi məlumatları ilə işləməyə icazə verilən ilk istehlakçı cihazları oldu. Bu barədə Apple şirkəti öz saytında məlumat yayıb.
"Almaniya hökuməti tərəfindən aparılan ciddi təhlükəsizlik yoxlaması və hərtərəfli qiymətləndirmədən sonra, iPhone və iPad NATO-nun qapalı zonalarında məxfi məlumatlarla istifadə üçün təsdiqlənmiş ilk istehlakçı cihazları oldu", — deyə məlumatda bildirilir.
Şirkət qeyd edib ki, Apple cihazları xüsusi proqram təminatı və ya tənzimləmələr olmadan istifadə edilə bilər. Beləliklə, iOS və iPadOS əməliyyat sistemləri Şimali Atlantika Alyansının informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə məhsullar kataloquna daxil edilib.
Fevralın 12-də rusiyalı istifadəçilər Apple hesablarında alış-verişlərin və abunəliklərin kütləvi şəkildə bloklanması barədə məlumat verməyə başlayıblar. Səbəb kimi fərdi məlumatların müxtəlif dövlətlərin sanksiya siyahılarında olan şəxslərin məlumatları ilə tam və ya qismən üst-üstə düşməsi göstərilir.