AZ

KİV: ABŞ əl-Malikini İraqın baş naziri postundan imtina etməyə çağırıb

BAKI, 28 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İraqın yeni baş naziri vəzifəsinə əsas namizəd olan Nuri əl-Malikiyə bu posta iddiasından imtina etməyi tövsiyə edib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Barrak Bağdadda əl-Maliki ilə görüşü zamanı ona baş nazir postuna namizədliyini geri götürməyin zəruriliyini çatdırıb. Əl-Maliki İraqın şiə hərəkat və bloklarının Koordinasiya Şurası tərəfindən namizəd göstərilib.

Telekanalın iddiasına görə, Barrak həmçinin hazırkı baş nazir Məhəmməd əs-Sudani ilə də görüşüb və Vaşinqtonun əl-Maliki ilə şəxsi problemi olmadığını bildirib.

Bununla belə, həm əl-Maliki, həm də əs-Sudaninin mətbuat xidmətlərinin yaydığı rəsmi açıqlamalarda ABŞ nümayəndəsinin hər hansı “tövsiyəsi” barədə məlumat yer almayıb. Açıqlamalarda İraq rəhbərliyinin milli maraqlara sadiqliyi vurğulanıb, həmçinin regiondakı vəziyyət və onun mümkün eskalasiyasının İraq üçün mənfi nəticələrinin qarşısının alınmasının vacibliyi müzakirə edildiyi qeyd olunub.

Daha əvvəl Donald Tramp bəyan etmişdi ki, əl-Maliki baş nazir təyin ediləcəyi təqdirdə ABŞ İraqa dəstəyi dayandıracaq. O, 2006–2014-cü illərdə baş nazir olmuş əl-Malikinin yenidən bu vəzifəyə gətirilməsinin ölkəni xaos və yoxsulluğa sürükləyəcəyini iddia edib.

Nuri əl-Maliki isə Trampın açıqlamalarını tənqid edib və namizədliyini geri götürməkdən imtina edib.

Seçilən
31
teleqraf.com

1Mənbələr