AZ

Azərbaycan geosiyasi mövqeyini daha da möhkəmləndirib

Fevralın 27-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərin müzakirəsi aparılıb. Müzakirələr zamanı çıxış edən komitə sədrləri Hicran Hüseynova, Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Ceyhun Məmmədov, Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Hikmət Məmmədov, Əziz Ələkbərov, Pərvanə Vəliyeva, Aydın Mirzəzadə gündəmdə olan mövzular barədə fikirlərini bölüşüblər.

Deputatlar Xocalı soyqırımının 34-cü ildönümünün qeyd olunduğunu, Xocalı faciəsi qurbanlarının xatirəsinin ehtiramla yad edildiyini deyərək, 26 fevral 2026-ci ilin müasir tariximizə, eyni zamanda mənəvi qələbənin və ədalətin bərqərar edildiyi gün kimi daxil olduğunu bildiriblər. Vurğulanıb ki, həmin gün Xocalı şəhərində ucaldılmış Xocalı Soyqırımı Memorialının açılışında iştirak edən ölkə Prezidenti İlham Əliyevin nitqi dövlətimizin son 30 ildə keçdiyi uğurlu yola bir baxış və gələcək hədəflərini ehtiva edən, Azərbaycanın həm hərbi-siyasi qüdrətinin, həm də mənəvi bütövlüyünün dünyaya ünvanlanmış qətiyyətli bəyanat idi. Diqqətə çatdırılıb ki, Prezidentin çıxışında bu kompleksin məhz Xocalıda ucaldılmasının simvolik əhəmiyyət daşıdığı qeyd olunub. Bununla yanaşı, bildirilib ki, Heydər Əliyev Fondunun illərlə apardığı "Xocalıya ədalət!" kampaniyası bu gün Xocalıda ucaldılmış bu abidə vasitəsilə öz mənəvi zirvəsinə yüksəlib.

Bildirilib ki, dövlət başçısının Xocalı Soyqırımı Memorialının açılışındakı çıxışında qeyd etdiyi uğurlar, eyni zamanda Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdə öz əksini tapıb. Vurğulanıb ki, İlham Əliyevin rəhbərliyi dövründə ölkə iqtisadiyyatı 4 dəfə böyüyüb. İqtisadi islahatların dərinləşməsi, Qarabağ və Şərqi Zənqəzurun bərpası və yenidən qurulması, davamlı məskumlaşma prosesi Azərbaycanın gücünü bir daha təsdiq edir.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqının tarix boyu məruz qaldığı  qətliamlara baxmayaraq, bu cəhdlər millətimizin iradəsini qıra, haqlı yolundan döndərə bilməyib. Hazırda dünyada həll olunmamış bir çox münaqişələrin mövcud olduğu, Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad etmiş, suverenliyini tam təmin etmiş yeganə dövlət olduğu söylənilib. Artıq hərbi cinayətkarlar məhkəmə qarşısında cavab verərək, layiqli cəzalarını alıblar. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan öz geosiyasi mövqeyini daha da möhkəmləndirib, regionun güclü dövlətinə çevrilib. Prezidentimiz Azərbaycanın maraqlarını dünyada qoruyur. Müxtəlif ölkələrin liderləri, siyasi xadimlər  Azərbaycan Prezidenti, onun siyasi fəaliyyəti barədə yüksək fikirlər söyləyir, təqdir edirlər. Xalqımız dövlət başçımızın rəhbərliyi ilə qısa zamanda bütün hədəf və məqsədlərinə nail olacaq.

Sonra plenar iclasın gündəliyində olan məsələlərin müzakirəsi keçirilib.

Milli Məclisin Sədri Sahibə Qafarova ilk 6 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu "Kinematoqrafiya haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib. Layihədə kino istehsalı sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması, anlayışların dəqiqləşdirilməsi və dövlət dəstəyinin institusional mexanizmlərinin genişləndirilməsi, habelə investisiya cəlbediciliyinin artırılmasına xidmət edəcək dəyişikliklər nəzərdə tutulub.

Deputat Aqil Abbasov bəzi fikirlərini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanun layihəsi cərimənin icrasında prioritet ardıcıllığın nəzərdən keçirilməsini, cərimənin ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldilməsini, icra prosesinin operativliyinin artırılmasını təmin etmək məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Mülki Məcəllədə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Sənəddə dövlət mülkiyyətində olan hava limanlarının və aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının və aerodromların inşasının torpağın alınmasına əsas verən dövlət ehtiyacları siyahısına daxil edilməsi təklif olunur.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ barədə rəhbərlik etdiyi komitənin rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanun layihəsi sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması ilə bağlı dəyişikliyi özündə ehtiva edir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra üçüncü oxunuşda "Dövlət qulluğu haqqında" qanunda və digər qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə" və  "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" konstitusiya qanununun  layihələri müzakirə olunub.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Diqqətə çatdırılıb ki, "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" konstitusiya qanununda dəyişiklik edilməsi barədə" konstitusiya qanununun layihəsi 6 aydan sonra ikinci səsverməyə çıxarılacaq.  

Milli Məclisin spikeri gündəliyin növbəti 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) mahiyyətini açıqlayıb. Qeyd edib ki, layihədə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla qadağan edilmiş yerlərdə elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi təklif olunur.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Layihədə su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsinin yerin təkindən istifadənin növləri sırasına daxil edilməsi təklif olunur. Sənəddə habelə yer təkindən istifadə sahəsində bir sıra qaydaların təsdiq edilməsinin hüquqi əsasının yaradılması nəzərdə tutulur. Bununla yanaşı, qanuna yeni "Yerin təki sahələrinin rekultivasiyası" adlı 13-1-ci maddə əlavə olunur. 

Təklif olunan dəyişikliklər yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, təbii ehtiyatlardan istifadə olunmasının səmərəliliyinin yüksəldilməsinə, ekoloji təhlükəsizliyə, ekoloji balansın qorunmasına, dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasına və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılmasına xidmət edəcək.

Sənədin müzakirəsi zamanı deputat Vüqar Bayramov bəzi təkliflərini səsləndirib. Komitə sədri Sadiq Qurbanov qaldırılan məsələlərə münasibət bildirib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (ikinci oxunuş) məlumatı diqqətə çatdırıb. Qeyd edib ki, qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyin son iki məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və digər bu qəbildən olan dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin peşə yararlılığı attestasiya yolu ilə qiymətləndirilir. Mövcud təcrübədə attestasiya, əsasən şifahi formada keçirilir, nəticələr sənədləşdirilmiş protokollarla təsbit olunur, lakin qiymətləndirmə yazılı və test mexanizmləri əsasında aparılır. Qiymətləndirmə meyarlarının dəqiq olmaması subyektiv yanaşma riskini artırır, obyektivliyin və şəffaflığın tam təmin edilməsinə mane olur. Bununla yanaşı, şifahi attestasiya formasının təşkili əlavə maliyyə və inzibati yük yaradır, dövlət vəsaitindən səmərəli istifadə prinsipinə tam cavab vermir.

Bildirilib ki, təqdim olunan qanun layihəsinə əsasən, Mədəniyyət Nazirliyi sisteminə daxil olan yuxarıda qeyd edilən təhsil müəssisələrində çalışan təhsilverənlərin nəzəri bilikləri, təcrübəsi və peşə yararlılığı attestasiya yolu ilə deyil, Elm və Təhsil Nazirliyində tətbiq olunan mexanizmə uyğun olaraq, sertifikasiya imtahanı vasitəsilə qiymətləndiriləcək. Sertifikasiya imtahanının tətbiqi qiymətləndirilmə prosesinin şəffaflığını və obyektivliyini artıracaq, nəticələrin etibarlılığını təmin edəcək, həmin təhsil müəssisələrinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova layihə barədə bu komitənin rəyini açıqlayıb. O qeyd edib ki, təklif olunan dəyişikliklər yalnız qiymətləndirmə prosedurunun yenilənməsi deyil, eyni zamanda təhsil sistemində şəffaflığın, sosial ədalətin və ictimai etimadın gücləndirilməsinə yönəlmiş mühüm addımdır. Bildirilib ki, şəffaf və ölçülə bilən sertifikatlaşdırma mexanizmi müəllimlərin fəaliyyətinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradacaq, subyektiv yanaşmanı azaldacaq, əmək münasibətlərində daha aydın və ədalətli qaydaların formalaşmasına xidmət edəcək. Deputat məsələyə təmsil etdiyi komitədə baxıldığını və müsbət rəy verildiyini diqqətə çatdırıb.

Deputatlar Fariz İsmayılzadə və Samir Vəliyev məsələ ilə bağlı fikirlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair  (birinci oxunuş) məlumat verib. Layihədə nəzərdə tutulan dəyişikliklərdə "mədəni və yaradıcı sənaye"  anlayışı təsbit olunur və qanunun ayrı-ayrı maddələrində  "mədəniyyət sənayesi" sözləri "mədəni və yaradıcı sənaye" sözləri ilə əvəz edilir. 

Bununla yanaşı, qanuna yeni 45.4-cü maddənin əlavə edilməsi təklif olunur. Yeni maddədə mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsinin mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə "Qrant haqqında" qanuna uyğun olaraq həyata keçirilməsi təsbit edilir.

Müzakirələr zamanı parlamentin vitse-spikeri Rafael Hüseynov, komitə sədri Siyavuş Novruzov, deputatlar Erkin Qədirli, Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Elçin Mirzəbəyli, Bəhruz Məhərrəmov çıxış edərək, dəyişikliklərin mahiyyəti və əhəmiyyəti ilə bağlı fikir və qeydlərini bölüşüblər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Seçilən
53
azerbaijan-news.az

1Mənbələr