AZ

Türk dünyasının intellektual dönüş nöqtəsi

XX əsrin əvvəllərində türk xalqları arasında ortaq terminologiyanın yaradılması, müasir təhsil üsullarının tətbiqi və əlifba islahatı zərurətə çevrilmişdi. I Türkoloji Qurultay məhz bu ehtiyaclara cavab olaraq türk dillərinin müqayisəli öyrənilməsini, tarix, etnoqrafiya və mədəniyyət məsələlərinin sistemli müzakirəsini təmin etmiş və türkoloji tədqiqatların metodoloji əsaslarını möhkəmləndirmişdir.  

Mötəbər tədbirdə 131 nümayəndə və qonaq iştirak etmişdir. Müxtəlif türk xalqları ilə yanaşı, Avropa və region ölkələrindən alimlərin iştirakı tədbirin beynəlxalq miqyasını açıq şəkildə göstərmişdir. Bu fakt I Türkoloji Qurultayın sırf regional deyil, qlobal elmi hadisə olduğunu təsdiqləyirdi.

I Türkoloji Qurultayın toxunduğu məsələlər çox idi. Burada əlifba islahatının əsas mövzulardan olması da təsadüfi deyildi. Məlum olduğu kimi, hələ XIX əsrin ortalarında Mirzə Fətəli Axundzadə ərəb əlifbasının türk dillərinin fonetik xüsusiyyətlərini tam əks etdirmədiyini göstərərək əlifbada islahat ideyasını irəli sürmüşdü. Sonrakı dövrlərdə Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid və digər ziyalılar bu ideyanı inkişaf etdirmiş, əlifba məsələsini geniş ictimai müzakirə mövzusuna çevirmişdilər.

Ərəb qrafikasının texniki çətinliyi və dini ənənə ilə bağlılığı savadlılıq kampaniyasına maneə sayılırdı. Latın qrafikasına keçid isə təhsili və çap işini sürətləndirməklə yanaşı, dini təsiri zəiflətmək və türk xalqları üçün vahid dünyəvi ünsiyyət mühiti yaratmaq məqsədi daşıyırdı. I Türkoloji Qurultay bu keçidi elmi müstəvidə legitimləşdirdi və əlifba islahatını siyasi yox, akademik məsələ kimi təqdim etdi.

Əlifbadan düşüncəyə

Əlifba islahatları məsələsi qurultayın 3 günündə müzakirəyə çıxarılmış, uzun və ziddiyyətli mübahisələrdən sonra 1926-cı il martın 4-də səsverməyə qoyulmuşdur. Mövzu ətrafında müəyyən fikir ayrılıqlarına rəğmən əksəriyyət latın qrafikasına keçidi dəstəkləmiş, bununla da keçmiş ittifaq daxilindəki türk xalqlarının əlifba siyasətinin gələcək istiqaməti müəyyənləşmişdir. Qurultayda yeni əlifbanın fonetik uyğunluğu, maarifçilik funksiyası və ümumtürk yaxınlaşmasına xidmət etməsi əsas arqumentlər kimi irəli sürülmüşdür.

Əlifba ilə yanaşı, imla və orfoqrafiya, terminologiya, tədris metodikası, ədəbi dil, qohum dillərin qarşılıqlı əlaqəsi və türk dillərinin tarixi problemləri də müzakirə olunmuşdur. Qəbul edilən qərarlar türkoloji elmin institusional inkişafına, elmi şəbəkələşmənin güclənməsinə və ortaq tədqiqat gündəliyinin formalaşmasına ciddi töhfə vermişdir.

Sonrakı illərdə qurultayın qərarları əsasında yeni türk əlifbası üzrə komitələr yaradılmış və 1929-cu ildə SSRİ-də ərəb qrafikalı dillərin latın qrafikasına keçidi tam rəsmiləşdirilmişdir. Bu proses müəyyən mərhələlərdə siyasi konyunkturaya tabe olsa da, ümumilikdə əlifba islahatının türk xalqlarının mədəni inkişafında texniki dəyişiklikdən daha artıq məna daşıdığını göstərmişdir.

I Türkoloji Qurultay sübut etmişdir ki, əlifba yalnız yazı vasitəsi deyil, düşüncə tərzini, elmi ünsiyyəti və cəmiyyətin inkişaf istiqamətini müəyyən edən əsas amillərdən biridir. Bu mənada sözügedən qurultay təkcə elmi hadisə deyil, türk xalqları arasında gələcək birlik və yaxınlaşmanın intellektual əsaslarını formalaşdıran mühüm mərhələ olmuşdur. O, siyasi birlik yaratmasa da, uzunmüddətli perspektivdə ortaq düşüncə, ortaq dil siyasəti və ortaq elmi baxışların təşəkkülünə ciddi təsir göstərmişdir.

Tədqiqatçıların araşdırmalarında göstərilir ki, qurultayda ilk dəfə olaraq türk dilləri bir-biri ilə əlaqəli vahid sistem kimi qiymətləndirilmişdir. Bu müxtəlif türk xalqları arasında yazı fərqlərini azaltmış, elmi və mədəni ünsiyyəti asanlaşdırmışdır. Qurultay həm də türkologiya elminin institusionallaşmasına təkan vermişdir. Bir çox regionlardan olan alimlərin Bakıda bir araya gəlməsi elmi şəbəkələşməni gücləndirmiş, ortaq tədqiqat mövzuları və metodoloji yanaşmalar formalaşdırmışdır. Bu proses türk xalqlarının tarixinin, mədəniyyətinin və dilinin paralel şəkildə öyrənilməsinə şərait yaratmışdır.

Qurultay günlərində iştirakçılar Xalq Maarif Komissarlığının dəvəti ilə Böyük Dövlət Teatrında "Leyli və Məcnun" operasına tamaşa etmişlər. Bir qismi Bakını gəzib, bir qismi Gəncədə olublar. Neft buruqlarına, Şirvanşahlar sarayına tamaşa ediblər. Martın 6-da nümayəndələr "Qızıl Şərq" kinoteatrında "Bismillah" filminə və həmin günlərdə lentə alınmış "I Türkoloji Qurultay" sənədli filminə baxmışlar, "Qara şəhər"də olublar. Nümayəndələrin bir qismi "Yeni Avropa" hotelində, bir qismi "Şərq" mehmanxanasında, bir qismi Sovetlər Evinin mehmanxanasında yerləşdiriliblər.

Güllələnən qurultay

Bu mötəbər tədbirdə türk dünyası sanki birləşmişdi. Türkoloji Qurultayın Azərbaycan türkoloqları ilə birgə 1926-cı ildən 1937-ci ilə qədər yol gələn vahiməli bir arxa planı da vardı. Bolşevik quruluşu üçün təhlükəli hesab edilən böyük Turan düşüncəli ziyalıların həbsi 1937-ci ilin yanvar ayından başlayaraq, kütləvi hal almışdır. Onlara verilən min bir işgəncənin, döyülmələrin, ailələrinin hədələnmələrinin nəticəsində istədikləri "şər-böhtan" dolu sənədlərə imza atdırırdılar. Tədqiqatçılar yazırlar ki, I Türkoloji Qurultayın keçirildiyi 1926-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzoyan, ÇK sədri, yəni Fövqəladə Komissar Mircəfər Bağırov idi. Ruhulla Axundov qurultaya "Bakinskiy raboçiy" qəzetinin baş redaktoru və jurnalist olaraq nümayəndə seçilmişdi. 1926-cı ildə, yəni Türkoloji Qurultay ərəfəsində Mirzoyanın özünə rəqib görüb, MK-nın ikinci katibliyindən uzaqlaşdırdığı Ruhulla Axundov, Azərbaycana M.Bağırovun rəhbərlik etdiyi 1937-ci ildə NKVD zindanlarında işgəncələrə məruz qalaraq - gözləri çıxarılaraq, qabırğası sındırılaraq öldürülmüşdür. 

SSRİ Elmlər Akademiyası Azərbaycan filialının özbəkəsilli elmi işçisi Xalid Səid Xocayev də, Bakı Darülfünunun Şərq fakültəsinin kazanəsilli professoru Əziz Qubaydullin də 1937-ci ildə güllələnib. Almatıda Baytursunovu ittiham edirdilər ki, Bakıda Bəkir Çobanzadə ilə əlaqələri var. Baytursunov da, Bəkir Çobanzadə də 1937-ci ildə saxta ittihamlarla aradan götürülüblər. 1937-ci ildə Pepinovun da, Həbib Cəbiyevin də  həyatlarına son qoyublar.

"Güllələnənlər çoxdur, saymaqla qurtarmır. Amma burda həm də talelər var. Tutaq ki, Alparovla Gəldiyev - ikisi də başqırddır. Ufa mədrəsəsində bir yerdə təhsil alıblar. Sonra Türkmənistanda bir yerdə çalışıblar, bir yerdə türkmən dilinin qrammatikasını yazıblar. Sonra da Gəldiyev 1931-ci ildə 41 yaşında, Alparov isə 1936-cı ildə 47 yaşında dünyalarını qəfil dəyişiblər". Leninin dostu, milliyyətcə eston olan Artur Zifeld Ədəbiyyat İnstitutunun ilk direktoru idi. Mahmud Kaşğari Divanının tərcüməsinə imkan verdiyi üçün 8 il müddətinə sürgünə göndərilib.

Milliyyətcə çex olan Nikolay Roqdayev Leninin məsləhəti ilə Tiflisdə Qafqaz İcraiyyə Komitəsində elmi katib işləyirdi. Hansı səbəbdənsə o da Daşkəndə sürgün edilib. Artur Zifeld Kolımada sürgündə və 50 yaşında "qocalığı" və ürək çatışmazlığı səbəbilə həlak olub. Roqdayev isə 1934-cü ildə sürgündə 54 yaşında beyninə qansızma nəticəsində dünyasını dəyişib. Azər Turan "Birinci Türkoloji Qurultay - film kimi bir hadisə..." məqaləsində yazır: " İsmayıl bəy Qaspıralının Türkoloji Qurultayda iştirak edən varislərinin - krımlı nümayəndələrin aqibətinə baxın: Bəkir Çobanzadə güllələnib. Osman Akçoraklı güllələnib. Həsən Səbri Ayvazov güllələnib. Nedim Mahmut güllələnib. Ukrayna Elmlər Akademiyasının qurucularından və ilk akademiklərindən biri - Aqafanqel Krımski də, Odabaş da, Yakub Kamal da həbsxanalarda həlak olublar və b. Kazan tatarları da elə..."

Qurultayın mücahidlərindən biri də  Əziz Qubaydullin idi. O, 1887-ci ilin iyununda Kazanda tacir ailəsində anadan olmuş, 1904-cü ildə Xalidiyyə mədrəsəsini bitirmişdir. 1909-cu ildə Kazan Universitetinin Hüquq fakültəsinə qəbul olunan Əziz Qubaydullin burada azərbaycanlı Soltan Məcid Əfəndiyevlə tanış olub, "Türk xalqlarının qəhrəmanlıq eposu "Seyd Battal"ın yaranması" əsərini yazıb. O, 1921-ci ildən Şərq Akademiyası və Şərq Pedaqoji İnstitutunda müəllim işləməyə başlayıb. "Xəzər xaqanlığının tarixi təcrübəsi", "Bir tatar salnaməsinin məhvi", "Puqaçev üsyanında tatarların iştirakı" və "Puqaçev üsyanı və tatarlar" mövzusunda apardığı araşdırmalar ona böyük hörmət qazandırıb.

1925-ci ildə Bakıya gəlib və Bakı Dövlət Universitetinin dosenti seçilib. Yaradılan şəraitdən səmərəli istifadə edərək 1927-ci ildə "Xəzərlərin mənşəyi məsələsi", "Tatar burjuaziyasının tarixindən" və "Azərbaycan bəyləri və onların tabeliliyində olan kəndlilər", 1928-ci ildə "Teymur imperiyasının tənəzzülü və özbəklər mərhələsi", 1929-cu ildə "Tatarların mənşəyi məsələsi", "XVI-XVII əsrlərdə tatarların kəndli hərəkatlarında iştirakı", 1930-cu ildə "İsmayıl Qaspıralının ideologiyasına bir nəzər" əsərlərini yazıb.

Əziz Qubaydullin I Türkoloji Qurultayın ən fəal iştirakçılarından və məruzəçilərindən biri olmuşdur. O, qurultayda türk xalqlarının tarixi və ədəbi inkişafı ilə bağlı mühüm mərizə ilə çıxış etmişdir. Xüsusilə sovet ittifaqı tərkibində yaşayan türk xalqlarının elmi və mədəni birliyi məsələlərinə toxunmuşdur. Professor bu mötəbər məclisdə türk dillərinin ortaq tarixi, kökləri və onların gələcək inkişaf perspektivlərini elmi cəhətdən əsaslandırmağa çalışmışdır. O, həm Tatarıstanı, həm də o dövrdə fəaliyyət göstərdiyi Bakı elmi mühitini təmsil edən əsas simalardan biri olmuşdur. 

1928-ci ildə o, Şərq tarixi kafedrasının, 1930-cu ildə isə Moskva Universitetinin professoru seçilmişdir. 1937-ci ilin martında həbs olunmuşdur. Martın 22-də aparılan ilk istintaqda etiraf etmişdir ki, həbs olunana qədər "əks-inqilabi pantürkist mövqedə durmuşdur".  İkinci istintaq isə fasiləsiz 12 gün çəkmişdir. Üçüncü istintaqda müttəhim demişdir ki, "SSRİ-də pantürkist ƏİMT-nin rəhbər özəyi 1925-ci ildə Səmərqənddə təşkil olunmuşdur". Dördüncü istintaqda müttəhim Türkiyə və Almaniya mühacirləri ilə olan əks-inqilabi əlaqələrdən danışmışdır. Nəhayət, 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyasının bağlı məhkəmə iclası olmuş, Əziz Qubaydullinə ölüm hökmü verilmişdir. Oktyabrın 13-də  hökm icra edilmişdir.  

Ulu Öndər Azərbaycanı yenidən türkçülüyün mərkəzinə çevirdi

I Türkoloji Qurultayın daha bir mühüm təsiri türk birliyi ideyasının siyasi şüardan elmi müzakirə müstəvisinə keçirilməsi idi. Qurultay türk xalqları arasındakı yaxınlığı ideoloji çağırışlar üzərindən deyil, akademik, dilçilik və mədəni əsaslar üzərindən izah etdi, bu isə birliyin romantik və emosional deyil, rasional və davamlı zəmin üzərində qurulmasına şərait yaratdı. 

Sovet dövründəki siyasi şərtlər milli zəmində inteqrasiya proseslərini məhdudlaşdırsa da, qurultayda formalaşan ideyalar tamamilə yox olmadı. Aradan onilliklər keçməsinə baxmayaraq, həmin tədbirin ideyaları elmi düşüncədə yaşayır və müxtəlif formalarda davam etdirilirdi. Bu davamlılığın ən mühüm nümunələrindən biri 1970-ci ildə Bakıda Ümummilli Lider Heydər Əliyevin dəstəyi ilə "Sovetskaya Türkologiya" jurnalının nəşrə başlaması oldu. 

Belə bir jurnalın nəşri ilə Azərbaycan yenə də türkologiyanın əsas mərkəzi missiyasını öz üzərinə götürdü. Sovet dövrünün ideoloji məhdudiyyətlərinə baxmayaraq, "Sovetskaya Türkologiya" jurnalının yaradılması Heydər Əliyev kimi müdrik siyasət adamının türkoloji elmin institusional inkişafına verdiyi strateji dəstək idi. Æurnal türk dillərinin müqayisəli tədqiqi, tarixi-mədəni irsin elmi araşdırılması və metodoloji yanaşmaların sistemləşdirilməsi baxımından I Türkoloji Qurultayın qoyduğu elmi xətti davam etdirirdi. Əgər 1926-cı il qurultayı türkoloji fikrin ümumtürk miqyasında formalaşdığı platforma idisə, "Sovetskaya Türkologiya" jurnalı bu fikrin ardıcıl, davamlı və elmi nəşr müstəvisində yaşadılmasını təmin edirdi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə jurnalın Bakıda nəşrə başlaması təsadüfi deyildi. Bu addım Bakının türkoloji elmin mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirdi və Azərbaycanı türk dünyasının elmi-intellektual xəritəsində yenidən ön plana çıxardı. Æurnal vasitəsilə Birinci Türkoloji Qurultayda müzakirə olunan dil birliyi, elmi əməkdaşlıq və mədəni yaxınlaşma ideyaları yeni nəsil alimlər üçün aktual elmi gündəliyə çevrildi.

Nəticə etibarilə, I Türkoloji Qurultay türk xalqlarının birliyini birbaşa təmin etməsə də, bu birliyin zehni, elmi və mədəni əsaslarını formalaşdırdı. Qurultay göstərdi ki, davamlı birlik ilk növbədə ortaq düşüncə, ortaq dil və ortaq elmi baxış üzərində qurulur. Aradan bir əsr keçməsinə baxmayaraq, həmin ideyalar bu gün də türk dünyasının inteqrasiya proseslərində mühüm rol oynamaqdadır.

XX əsrin sonlarında müstəqil türk dövlətlərinin yaranması ilə bu ideyalar yenidən aktuallaşdı. Ortaq dil layihələri, əlifba yaxınlaşmaları, akademik əməkdaşlıqlar və beynəlxalq türk təşkilatlarının fəaliyyəti məhz 1926-cı ildə atılan intellektual təməlin davamı kimi qiymətləndirilə bilər.

Aradan bir əsr keçməsinə baxmayaraq, qurultayın ideyaları bu gün də türk dünyasında dil siyasəti və mədəni modernləşmə müzakirələrinin mühüm elmi istinad nöqtəsi olaraq qalmaqdadır. Azərbaycanın fəal rolu ilə bu gün addım-addım inkişaf etdirilən, güclənən, çağdaş dünya düzənində yeni siyasi-iqtisadi, mədəni güc mərkəzi kimi irəli çıxmaqda olan Türk Dövlətləri Təşkilatı I Türkoloji Qurultayda iştirak edən düşüncə adamlarının mənəvi irsinə, gələcəyə strateji baxışına əsaslanaraq bu ideyaları reallığa çevirməkdədir.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
43
azerbaijan-news.az

1Mənbələr