Vətən naminə odlardan keçib ölümsüzlüyə qovuşan qəhrəmanlardan biri də Biləsuvar rayonu Günəşli kəndində boya-başa çatan Nihad Akif oğlu Babayevdir. 29 yaşında ulu torpağın bağrına zəfər bayrağı sancan Nihadın adı indi dillərdən düşmür.
Onun ömür yolu qısa olsa da, Azərbaycan xalqı üçün qəhrəmanlıq simvoluna çevrilib. Qərinələr boyunca Nihad ürəklərdə yaşayacaq, gələn nəsillər onun Vətənə, torpağa sevgisini özünə örnək biləcəklər. Ölümündən sonra təltif olunduğu "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda", Xocavəndin və Füzulinin azadlığına görə medalları onun yüksəldiyi müqəddəslik zirvəsində sönməyən işıq olacaq.
Nihad Babayev məktəbdə oxuduğu zaman hərb sahəsinə maraq göstərib. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağa dırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev yüksək peşəkar kəşfiyyatçı təcrübəsinə malik olmaqla, həm də erməni, ingilis və rus dillərində səlis danışmağı da bacarıb.
Nihad düşmənə ilk dəfə gücünü 2018-ci ildə Naxçıvanda "Günnüt əməliyyatı"nda göstərib. 3 gün eyni mövqedə erməni mayorun maşınını gözləyib və gəlib keçəndə onu snayperlə vurub. Od-alovun içərisində çiyin-çiyinə vuruşduğu döyüş yoldaşları ilə birgə iştirak etdiyi "Günnüt əməliyyatı" nəticəsində Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazi işğaldan azad olunub.
44 günlük haqq savaşımız başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Vətən sevdalı qəhrəman hərbi komandanlığa raportla müraciət edərək Qarabağda döyüşlərə qatılmaq istəyini bildirib. Oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə onun da adı salınıb. Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə hər zaman öndə gedib, ölümün gözünə dik baxıb. Qrup komandiri verilən döyüş tapşırıqlarını hərbçi yoldaşları ilə birlikdə böyük cəsarət və hünərlə yerinə yetirib. Yağının kabusuna çevrilməklə neçə-neçə ağır sınaqlardan üzüağ çıxıb.
Nihad 44 günlük müharibənin düz 30 gününü hər an ölümlə üz-üzə qalmaqla düşmənə qarşı qəhrəmanlıqla vuruşub. Oktyabrın 29-da Füzulinin Yuxarı Veysəlli kəndinə yaxın yüksəklik uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanıb. Rəhbərlik etdiyi qrupdan xeyli irəlidə təkbaşına təxminən 10 dəqiqə döyüşdükdən sonra şəhidlik zirvəsinə yüksəlib.
Kapitan Nihad Babayev qısa, amma şərəfli ömür yaşadı. Canını Vətəninə fəda etməklə özündən sonra doğmalarına, el-obasına, bütöv xalqına əbədi qürur miras qoydu.
Zəfər ORUCOÜLU