Türkiyə çempionatında futbol matçlarına mərc qoyuluşları ilə bağlı səs-küylü qalmaqal genişlənməkdədir.
İdman.Biz xəbər verir ki, “Sabah” nəşrinin məlumatına görə, yerli Superliqanın iki nəhəng klubunun futbolçusu istintaqa cəlb olunub.
Söhbət “Fənərbağça”nın kapitanı Mert Hakan Yandaş və “Qalatasaray”ın üzvü Metahan Baltacıdan gedir. Mənbənin bildirdiyinə əsasən, Yandaşı 17 ilədək, Baltacını isə 13 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
İstintaq müəyyən edib ki, Baltacı 2021-ci ilin martında “Qalatasaray” – “Rizəspor” və həmin ilin aprelində “Qalatasaray” – “Göztepe” oyunlarına mərc edib. Futbolçu start heyətində yer almasa da, oyunun iştirak ərizəsində olub və nəzəri baxımdan meydana çıxa bilərdi. Bildirilir ki, mərc edərkən o, peşəkar futbolçu statusu barədə bukmeker şirkətlərini məlumatlandırmayıb.
Qeyd edək ki, proses Türkiyə futbolunda pozuntulara qarşı genişmiqyaslı kampaniya fonunda davam edir. Ötən il Türkiyə Futbol Federasiyasının rəhbəri İbrahim Hacıosmanoğlu mərc qalmaqalında iştiraka görə 149 hakimin uzaqlaşdırıldığını açıqlamışdı. Daha sonra şübhələrin min nəfərdən artıq futbolçuya da şamil olunduğu məlum olub.