AZ

"Məktəbli avtobusları"nın aylıq qiyməti bu qədər ola bilər - Valideynlərə ŞAD XƏBƏR

Məlumdur ki, bir müddət əvvəl də "məktəbli avtobusları" ilə bağlı məsələ gündəmə gəlmişdi. Həmin vaxt xidmətin qiyməti baha olduğu üçün cəmiyyət tərəfindən birmənalı qarşılanmamışdı. Təklif olunan aylıq qiymət 250-300 manat arasında dəyişirdi. Bu səbəbdən layihə effektivliyini itirdi.

Hazırda isə qiymət siyasətinin əhalinin cibinə uyğunlaşdırılması istiqamətində addımların atılması təklif edilir. Bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə edilən İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə illik məruzəsində öz əksini tapıb.

"Məktəbli avtobusları" xidməti üzrə ödəniş məbləğinin ölkə üzrə yaşayış minimumu nəzərə alınaraq yenidən müəyyənləşdirilməsi təklif olunur.

Qeyd olunub ki, şagirdlərin məktəbə gediş-gəlişini asanlaşdırmaq məqsədilə Bakı şəhərində həyata keçirilən "məktəbli avtobusları" pilot layihəsinin növbəti tədris ilindən daha geniş tətbiqi planlaşdırıldığı üçün xidmət haqqına yaşayış minimumu əsasında yenidən baxılması məqsədəuyğun hesab edilir.

Bəs "məktəbli avtobusları" ilə bağlı layihə necə icra olunmalıdır ki, effektiv olsun?

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu Day.Az-a açıqlamasında deyib ki, "məktəbli avtobusları" xidmətinin tənzimlənməsi, minimal qiymət, məqbul qiymət həddi və qiymətin azaldılmasının effektivliyə təsiri ilə bağlı geniş təhlillər və praktikalar aparılıb.

"Burada ilk növbədə hüquqi-normativ tənzimləmədən söhbət gedir. Xüsusi qaydalar mövcuddur. Maaşların təsdiqi, təhlükəsizlik standartları, avtobusların texniki tələbləri, həmçinin sürücülərlə bağlı qaydalar müəyyənləşdirilib. Elm və Təhsil Nazirliyi ilə Bakı Nəqliyyat Agentliyi arasında koordinasiya mövcuddur, hansı məktəblərin daha çox ehtiyaclı olduğu müəyyənləşdirilir, şagird sayı və məsafəyə görə marşrutlar planlaşdırılır."

Ekspert xidmətin maliyyələşdirilməsi məsələsindən də danışıb.

"'Məktəbli avtobusları' xidmətinin maliyyələşməsi və ödənişin müəyyənləşdirilməsinə gəldikdə isə, hazırda xidmətin qiymətinin yüksək olması valideynlərin narazılığına səbəb olur. Buna görə də yeni modelin üç mənbə üzrə maliyyələşməsi, məncə, daha məqsədəuyğun olar. Birinci mənbə dövlət subsidiyasıdır. Xidmətin bir hissəsi, məsələn, 30-50%-i dövlət büdcəsi tərəfindən ödənilə bilər. Yaşayış minimumu nəzərə alınaraq sosial həssas qruplar müəyyən edilməlidir. Hər iki valideyn işsiz kimi qeydiyyatdan keçibsə, ailənin gəliri minimum yaşayış xərcindən aşağıdırsa, bu hallar mütləq nəzərə alınmalıdır.

İkinci mənbə valideyn ödənişidir. Ödəniş xidmətin xərclərinin yalnız kiçik bir hissəsini qarşılasa belə, bu, daha geniş istifadəni təmin edə bilər.

Üçüncü mənbə isə sponsor və yerli dəstək ola bilər. Azərbaycanda böyük şirkətlər mövcuddur, sponsorluq mexanizmi tətbiq oluna bilər. Bəzi marşrutlar yerli icra hakimiyyəti orqanları, özəl şirkətlər və hətta bələdiyyələr tərəfindən maliyyələşdirilə bilər."

Minimum qiymət nə qədər olmalıdır?

Rizvan Fikrətoğlunun fikrincə, bu hesablama real xərclər əsasında aparılmalıdır.

"Bir avtobusun aylıq təxmini xərc strukturu bölünməlidir. Məsələn:
• Yanacaq xərci - təxminən 600 manat;
• Sürücü maaşı - 800 manat;
• Servis və təmir - 200-300 manat;
• Amortizasiya və sığorta - 150-200 manat;
• Administrativ xərc - təxminən 150 manat.

Beləliklə, bir avtobusun aylıq ümumi xərci təxminən 1900-2500 manat arasında dəyişir. Əgər bir avtobus ayda orta hesabla 40-50 gediş-gəliş edirsə və 50 şagird daşıyırsa, 2500 manatı 50 şagirdə böldükdə bir şagird üçün aylıq xərc təxminən 50 manat edir. Bu rəqəm real bazar qiyməti kimi qəbul oluna bilər. Lakin dövlət dəstəyi olarsa, qiyməti bundan da aşağı salmaq mümkündür. Optimal model dövlət dəstəyi, bələdiyyə və yerli icra hakimiyyəti orqanlarının, eləcə də özəl sektorun iştirakı ilə formalaşa bilər. Sosial həssas əhali qruplarının ödənişi qismən və ya tam azad edilə bilər."

Onun sözlərinə görə, hazırda qiymət 100 manatdan yuxarıdırsa, bu, artıq yüksək göstəricidir.

"Hesablamaya əsasən bir avtobusun aylıq xərci 1900-2500 manat aralığında dəyişir və bu məbləği 50 şagirdə böldükdə təxminən 50 manat alınır. Əgər avtobusun doluluq səviyyəsi aşağı olarsa, məsələn 30 şagird daşıyarsa, 2500 manatı 30-a böldükdə qiymət yüksələcək. Bu da göstərir ki, doluluq səviyyəsi qiymətə birbaşa təsir edir. Qiymət 40-50 manat səviyyəsində olduqda avtobuslara maraq artacaq, valideynlər uşaqlarının təhlükəsiz şəkildə məktəbə gedib-gəlməsini üstün tutacaqlar.

Bu baxımdan, 'məktəbli avtobusları'nda aylıq qiymət həddi 50 manatdan aşağı olmalıdır. 50 manatdan yuxarı hədd düzgün tənzimlənmədikdə sosial narazılıq yarada bilər. Dövlət baxımından təhsil siyasətini həyata keçirən Elm və Təhsil Nazirliyi və Bakı Nəqliyyat Agentliyi bu məsələni xüsusi diqqətdə saxlamalıdır. Xüsusilə sürücülər məsələsinə ciddi yanaşılmalıdır. Sürücülər mütəmadi olaraq narkoloji və digər tibbi testlərdən keçməli, spirtli içki qəbulu ilə bağlı yoxlamalar ciddi aparılmalıdır. Sürücülərin məsuliyyəti yüksək olmalı və onlara xüsusi nəzarət tətbiq edilməlidir."

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
12
day.az

1Mənbələr