AZ

Planetlərin paradı olacaq - Bakı səmasında 6 planet görünəcək

Bu gün səmada nadir astronomik hadisə olan planetlərin paradı müşahidə ediləcək.

Astronomların məlumatına görə, Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni vaxtda səmanın bir hissəsində görünəcək və göy üzündə qövsvari düzülüş yaradacaq.

Mütəxəssislər bildirir ki, bu planetlərdən dördünü – Merkuri, Venera, Yupiter və Saturnu adi gözlə görmək mümkün olacaq. Uran və Neptunu isə yalnız durbin və ya teleskop vasitəsilə müşahidə etmək mümkündür, çünki onlar daha zəif işıq saçır.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, Bakıda planetlərin müşahidəsi üçün ən əlverişli vaxt gün batdıqdan sonra, təxminən saat 19:10-dan 20:30-dək olan intervaldır. Açıq üfüq xətti olan ərazilər – xüsusilə dənizkənarı və şəhər işıqlarından uzaq məkanlar daha yaxşı müşahidə imkanı verəcək.

Astronomlar qeyd edir ki, planetlər əsasən gün batdıqdan 30–60 dəqiqə sonra qərb və cənub-şərq istiqamətlərində görünəcək, Venera və Yupiter ən parlaq obyektlər kimi seçiləcək, Merkuri isə üfüqə yaxın olduğundan onu görmək daha çətin olacaq.

Alimlərin sözlərinə görə, bir neçə planetin eyni vaxtda görünməsi vaxtaşırı baş versə də, altı planetin eyni axşam səmasında müşahidə olunması nisbətən nadir hadisədir və belə uyğun şərait orta hesabla 10–20 ildə bir dəfə baş verir.

Bu hadisə astronomiya həvəskarları və sadə vətəndaşlar üçün Günəş sisteminin böyük hissəsini eyni vaxtda görmək baxımından unikal imkan hesab olunur.

Seçilən
14
ekologiya.az

1Mənbələr