Müasir dövrdə rəqəmsal texnologiyalar uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilib. İnternet, sosial şəbəkələr və onlayn oyunlar həm təhsil, həm də əyləncə baxımından geniş imkanlar yaradır. Lakin bu imkanlarla yanaşı, uşaqların rəqəmsal mühitdə zərərli məzmun və mənfi təsirlərlə qarşılaşma riski də artır. Sosialplatformalarda nəzarətsiz istifadə hallarında yaşa uyğun olmayan görüntülər, zorakılıq, aqressiya, etikadan kənar davranış modelləri və təhlükəli “çağırışlar” uşaqların psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə bilər. Buna görə də uşaqların rəqəmsal mühitdə qorunması həm valideynlərin, həm məktəblərin, həm də cəmiyyətin əsas vəzifələrindən biridir.
Qeyd edilənlər fonunda “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Azərbaycan respublikası prezidentinin sərəncamı müstəsna əhəmiyyət kəsb edir. Burada qeyd edilir ki, sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir. Vurğulanır ki, beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur. Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqinin geniş vüsət alması müşahidə olunur. Bu yeni tələblər sosial şəbəkələrin fəaliyyətinin sistemli hüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarəti, platformadaxili təhlükəsizlik mexanizmləri və yaşa uyğun məzmun filtrləri vasitəsilə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyini təmin edir, həmçinin onların kritik informasiyanı təhliletmə, davranış və bilgi mədəniyyətinin inkişafına şərait yaradır.Bunlar fonunda dövlət başçısıuşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədiləyuxarıda qeyd olunan sərəncamı imzalayıb.
Onu da qeyd edək ki, rəqəmsal mühitdə zərərli məzmun dedikdə yalnız açıq-aşkar zorakılıq və ya qeyri-etik görüntülər nəzərdə tutulmur. Bura həmçinin dezinformasiya, nifrət nitqi, kibertəzyiq, qumar və asılılıq yaradan oyun mexanizmləri də daxildir. Uşaqlar yaş xüsusiyyətlərinə görə gördükləri və oxuduqları məlumatı tənqidi süzgəcdən keçirməkdə çətinlik çəkirlər. Nəticədə onlar yanlış məlumatlara inanaraq təhlükəli qərarlar verə, özlərini digərləri ilə müqayisə edib özgüvən problemi yaşaya və ya sosial şəbəkələrdə təzyiqə məruz qala bilərlər. Xüsusilə sosial mediada “ideal həyat” görüntüsü uşaqlarda natamamlıq hissi və psixoloji gərginlik yarada bilir. Təbii ki, uşaqların qorunmasında ilk və əsas rol valideynlərin üzərinə düşür. Valideynlər uşağın internetdən istifadəsinə tam qadağa qoymaq əvəzinə, balanslı və nəzarətli yanaşma tətbiq etməlidirlər. Açıq ünsiyyət mühiti yaradılmalı, uşağa internetdə qarşılaşa biləcəyi risklər sadə və başa düşülən dildə izah edilməlidir. Valideyn nəzarət proqramlarından istifadə etmək, məzmun filtrlərini aktivləşdirmək və ekran vaxtını məhdudlaşdırmaq effektiv üsullardandır. Bununla yanaşı, valideynin özü də rəqəmsal savadlı olmalı, istifadə olunan platformalar və tətbiqlər haqqında məlumatlı olmalıdır. Məktəblər də rəqəmsal təhlükəsizlik mövzusunda maarifləndirici rol oynamalıdır. Şagirdlərə erkən yaşlardan rəqəmsal etik davranış, şəxsi məlumatların qorunması, güclü parol seçimi və kibertəzyiq hallarında necə davranmalı olduqları öyrədilməlidir. Rəqəmsal vətəndaşlıq anlayışı tədris prosesinə inteqrasiya olunarsa, uşaqlar interneti daha məsuliyyətli və təhlükəsiz şəkildə istifadə etməyi öyrənərlər. Eyni zamanda müəllimlər valideynlərlə əməkdaşlıq edərək uşaqların onlayn davranışlarını izləməli və mümkün riskləri vaxtında müəyyən etməlidirlər. Dövlət və texnologiya şirkətləri də bu sahədə mühüm məsuliyyət daşıyırlar. Platformalar uşaqlar üçün xüsusi təhlükəsizlik rejimləri, yaş məhdudiyyətləri və avtomatik filtr mexanizmləri tətbiq etməlidirlər. Məsələn, bir çox sosial şəbəkələrdə uşaq hesabları üçün məxfilik parametrləri daha sərt şəkildə qurulur. Bununla yanaşı, zərərli məzmunun sürətli şəkildə silinməsi və şikayət mexanizmlərinin əlçatan olması vacibdir. Qanunvericilik səviyyəsində uşaqların onlayn təhlükəsizliyini təmin edən normativ aktların qəbul edilməsi və icrası da mühüm addımdır. Uşaqların rəqəmsal mühitdə qorunması yalnız texniki nəzarətlə məhdudlaşmamalıdır. Ən vacib amillərdən biri uşağın özündə sağlam düşüncə və məsuliyyət hissinin formalaşdırılmasıdır. Uşağa öyrədilməlidir ki, internetdə paylaşdığı hər bir məlumat iz buraxır və şəxsi məlumatların yad insanlarla bölüşdürülməsi risklidir. Onlara real və virtual həyat arasındakı fərq izah edilməli, qarşılaşdıqları şübhəli halları böyüklərlə bölüşmək vərdişi aşılanmalıdır. Reallıq budur ki, rəqəmsal mühit uşaqlar üçün həm böyük imkanlar, həm də ciddi risklər mənbəyidir. Bu mühitdə təhlükəsizliyin təmin olunması üçün ailə, məktəb, dövlət və texnologiya şirkətləri birgə fəaliyyət göstərməlidir. Maarifləndirmə, nəzarət və açıq ünsiyyət sayəsində uşaqlar rəqəmsal dünyanın imkanlarından faydalanaraq zərərli təsirlərdən qoruna bilərlər. Əsas məqsəd interneti qadağan etmək deyil, onu təhlükəsiz və şüurlu şəkildə istifadə etməyi öyrətməkdir. İstənilən halda bu sahənin hüquqi tənzimlənməsi günün tələbidir. Bu mənada barəsində bəhs edilən sərəncam müstəsna əhəmiyyətə malikdir.
Samirə SƏFƏROVA