ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Mövcud dərman və müalicələr bütün xəstələrə çatmırsa, bu, acınacaqlı haldır"
"Nadir xəstəliklərlə bağlı hər il minlərlə yeni patologiya təsvir olunur. Hazırda dünyada onların təsnifatı aparılır və tanınması ilə bağlı müəyyən meyarlar mövcuddur. Bu xəstəliklərin əsas səbəbləri sırasında genetik dəyişikliklər xüsusi yer tutur".
Oxu.Az xəbər verir ki, bu fikirləri Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr olunmuş I Respublika Nadir Xəstəliklər Forumunda deputat, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva deyib.
O bildirib ki, Avropa təcrübəsinə görə, hər iki min nəfərdən birində rast gəlinən problem nadir xəstəlik hesab olunur:
"Azərbaycanda isə bəzi hallarda 50 min nəfərdə bir rast gəlinən xəstəliklər nadir xəstəlik kimi qiymətləndirilir.
Nadir xəstəliklər dünya əhalisinin təxminən 5 faizini əhatə edir.
Son tədqiqatlar göstərir ki, onların aşkarlanması, diaqnostikası və müalicəsi sahəsində hələ də ciddi çətinliklər mövcuddur. Bir çox nadir xəstəliyin müalicəsi hələ məlum deyil və diaqnostika dünyanın hər yerində eyni səviyyədə deyil. Bu sahədə əsas açar məsələ məhz diaqnostikadır. Xəstəlik dəqiq müəyyənləşdirilməlidir ki, onun üzərində müalicə tədbirləri aparılsın".
Deputat əlavə edib ki, son 25 ildə nadir xəstəliklərlə bağlı 540-dan çox dərman hazırlanıb:
"Lakin bu dərmanların tətbiqi və əlçatanlığı məsələsi hələ də aktual olaraq qalır.
Bu sahədə tədqiqatların maliyyələşdirilməsi, tibbi ixtisaslaşma və elmi araşdırmalara dəstək xüsusi əhəmiyyət daşıyır. Maliyyə çatışmazlığı və bürokratik əngəllər bir çox hallarda yeni müalicə üsullarının inkişafını və tətbiqini ləngidir".
O qeyd edib ki, dünyada və ölkəmizdə nadir xəstəliklərlə bağlı həm maliyyə, həm də inzibati çətinliklər var:
"Bu baxımdan düşünürəm ki, nadir xəstəliklərdən əziyyət çəkən insanlar, bu sahədə çalışan tibb işçiləri və alimlər birgə səs qaldırmalıdırlar ki, tədqiqatlara və qlobal səhiyyəyə daha çox maliyyə ayrılsın.
Əgər müəyyən dərman və ya müalicə metodu mövcuddursa, lakin biz onu bütün xəstələrə çatdıra bilmiriksə, bu, çox acınacaqlı haldır".
Məhərrəm Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.