Son günlər Azərbaycan televiziya efirlərində yayımlanan bir sıra proqramlar bayağılığı ilə cəmiyyətin diqqətini çəkir. Bəzi verilişlərin qeyri-etik davranışlara yer verməsi və milli dəyərlərə hörmətsizlik göstərməsi ictimai narazılıq doğurur. Eyni zamanda, bir sıra müğənnilərə efir qadağasının tətbiq olunması da medianın cəmiyyətin mənəvi dəyərlərinə məsuliyyətini yenidən gündəmə gətirir. Azərbaycan efirləri yalnız əyləncə və informasiya mənbəyi deyil, həm də milli dəyərlərin təbliğatçısıdır. Bayağı və etik olmayan proqramlar, qadağalar və narazılıqlar medianın cəmiyyət qarşısında məsuliyyətini göstərir. Bu məsələdə həm prodüserlər, həm də televiziya kanalları diqqətli olmalı, mədəniyyət, milli dəyərlər və etik norma çərçivəsində proqramlar hazırlamalıdır.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Mətbuat Şurasının İdarə Həyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, Azərbaycanın efir məkanı müstəqillik tarixində indiki qədər heç vaxt kənardan sağlamaşdırıcı, mütərəqqi təsirli müdaxiləyə ehtiyac hiss etməyib.

“Bu, artıq milli-mənəvi dəyərlərin, milli mənafelərin və ictimai toplum təhlükəsizliyinin, milli-mənəvi mühitin saflaşdırılması məsələsinə çevrilib. İllər boyu bu haqda danışılsa da, efir məkanlarında, təəssüf ki, lazım olan mühitin yaradılması hələ mümkün olmayıb. Bu, bir tərəfdən efirlərdə hədsiz sərbəstliyin mövcud olması ilə bağlıdırsa, digər tərəfdən açıq şəkildə bəzi yararsız tendensiyaların kənardan himayə olunması ilə bağlıdır. Bir çox hallarda ucuz şou yaratmaqla baxış səviyyəsini qaldırmaq kimi ziyanlı bir hədəfə yönəlmək efir məkanında milli mənəviyyatımıza zidd və dağıdıcı proseslərin başlanmasına, yayılmasına səbəb olur. Hətta indi az qala efir məkanları sosial şəbəkələr qədər sərbəst və dağıdıcı bir məkana çevrilməkdədir. Necə ki bir vaxtlar sosial şəbəkələrdə proseslərin təhlükəli həddə çata biləcəyi bizi qorxudurdusa, bu gün artıq pis mənada televiziya efirlərində həmin vəziyyətə gəlib çatmışıq. Bir çox hallarda aparıcıların hədsiz sərbəstliyi, dil qaydalarını saymazlığı, əxlaqi, ailə dəyərlərinə zidd olan davranışları və danışıq tərzi çox təhlükəli həddə gəlib çatıb. Təəssüf ki, bu yöndə birbaşa efir məkanlarını idarə edən dövlət qurumlarının müdaxiləsi hələ lazımi nəticəni vermir. Görünür ki, efir məkanının saflaşdırılması uğrunda mübarizədə indi siyasi qərara daha çox ehtiyac duyulmağa başlayıb. Efiri, televiziyaları idarə edən qurumların müdaxiləsinin lazımi nəticə vermədiyinin şahidi oluruq. Belə şəraitdə, məncə, efir məkanlarını qorumaq artıq siyasi iradədən asılı bir vəziyyətə düşməyə başlayıb. Efir məkanlarının təmizlənməsi, inkişaf tələblərinə uyğunlaşdırılması üçün bu gün siyasi bir qərara ehtiyac var. Əminəm ki, siyasi qərar nə vaxtsa olacaq və bu, kimlərinsə hətta işini itirməsi ilə nəticələnə, hansısa televiziya kanalının cəzalandırılmasına gətirib çıxara bilər. Bizim üçün ən böyük nəticə efir məkanının təmizlənməsi və milli dəyərlərə uyğunlaşdırılmasıdır, çünki efir məkanı artıq Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı məkana çevrilməkdədir”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azxeber.com" informasiya portalının təsisçisi və redaktoru Hacıbəy Heydərli isə deyib ki, Azərbaycan mediası, jurnalistikası ən ümdə vəzifələrindən biri olan maarifləndirmə funksiyasını heç bir halda unutmamalıdır:

“Çünki jurnalistikanın kökündə maarifləndirmə dayanır. Jurnalistika nəzəriyyəsinin əsasını maarifləndirmə təşkil edir. Çox təəssüf ki, son zamanlar Azərbaycanın bəzi televiziya kanallarında maarifləndirmə funksiyasının tamamilə ikinci plana keçdiyinin, daha çox əyləndirmə funksiyasının ön plana çıxdığının şahidi olurduq. Bu da haqlı olaraq Azərbaycan tamaşaçısı, cəmiyyəti tərəfindən narazılıq doğurdu. Son dövrlər bəzi şou verilişlərində bayağı müğənnilərin efirlərə dəvət olunması, süni qalmaqallar, insanların şəxsi həyatının ön plana çıxarılması halları artıq mütəmadilik təşkil edirdi. Bu da haqlı narazılığa səbəb olurdu. Artıq bəzi şou verilişlərinin bağlanması, bəzilərinin formatının dəyişdirilməsi, eyni zamanda bayağı ifaçıların, musiqilərin, qalmaqalla gündəmə gələn şəxslərin efirlərə dəvət olunmasının qarşısının alınması kimi addımlar atıldı. Bu, çox sevindirici haldır. Düşünürəm ki, əslində Azərbaycan televiziyaları əsl funksiyasına - maarifləndirmə, mədəni verilişlərin ön plana çıxarılması, səhnə, sənətkarların, xalq tərəfindən sevilən şəxslərin efirlərə dəvət olunması prosesinə start verib. Bu, çox sevindirici haldır. Arzu edirik ki, bu, mövsümi xarakter daşımasın, davamlı olsun. Çünki Azərbaycan cəmiyyətinin, tamaşaçısının telekanallardan gözləntiləri çox böyükdür. Bu da faktdır ki, ictimai rəyə təsir baxımından televiziyaların böyük rolu var. Azərbaycan tamaşaçısı televiziya kanallarını izləyir və səviyyəli kontentlər görmək istəyir. Düşünürəm ki, bundan sonrakı mərhələdə də biz Azərbaycan kanallarında artıq yeni mərhələnin şahidi olacağıq. Daha səviyyəli, mədəni verilişlər ön plana çıxacaq. Bu günlərdə Ali Məhkəmənin plenar qərarı qəbul edilib. Sırf insanların şəxsi həyatlarının ictimailəşdirilməməsi ilə bağlı, insanın öz icazəsi olmadan ona hansısa sualların verilməsi, arxiv görüntülərinin yayılması qadağan edilib. Bu da televiziya aparıcılarına bildirilib. Yəqin ki, artıq bu kimi halların qarşısının alınmasının şahidi olacağıq. Düşünürəm, bu, bir kanalın düzəldə biləcəyi proses deyil. Bütövlükdə bütün kanallar eyni dərəcədə efirlərə verilən verilişlərə diqqətlə yanaşmalıdırlar. Eyni saatda efirə gedən verilişlərin formatı eyni olduqda biz tamaşaçının istədiyi səviyyəyə gəlib çata bilərik. Bir verilişdə bayağı şou, digərində hansısa Xalq artistinin konserti olsa, yenə də bayağılıq ortaya çıxacaq, çünki hazırda sosial şəbəkələr televiziya kanallarında olan neqativ halları daha tez işıqlandırırlar. Bayağı söhbətlər, qalmaqallar daha tez gündəmə çevrilir. Əsas istiqamət həm də budur ki, Azərbaycan tamaşaçısına sağlam verilişlər təqdim edək. Xüsusən, boşanmalar, kiminsə ikinci həyat yoldaşının olması ilə fəxr etməsi, övladının kim olmasının araşdırılması... Belə tipli mövzulardan Azərbaycan tamaşaçısı artıq yorulub. Hər bir veriliş öz kontentinə uyğun fəaliyyətini qurmalıdır. Ən vacib iş kanallarda redaktor və prodüserlərin üzərinə düşür. Onlar da bayağılıqdan qaçmalı, daha ali təhsilli, sahəyə bələd olan şəxsləri işə dəvət etməlidirlər. Bu baxımdan çox potensiallı gənclərimiz var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Dövlət Universitetində təhsil alan gəncləri işə dəvət etmək lazımdır. Verilişlər proqram tərtibatını və komandalarını dəyişsələr, növbəti mərhələlərdə aparıcıların da bu dəyişikliklərə uyğunlaşdığının şahidi olacağıq”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova
