AZ

Uşaqların sosial şəbəkə alqoritmlərini aldatdığı dövr bitir Ekspert

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Dövlət rəqəmsal boşluğu bağlayır

Osman Gündüz: “Bu Sərəncam Azərbaycanın 20 illik sosial media tarixində yeni mərhələnin başlanğıcıdır”

Prezident İlham Əliyevin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması haqqında” Sərəncam imzalaması ictimaiyyətdə məmnuniyyətlə qarşılanıb. Son illərdə sosial platformaların xüsusən uşaqlar və yeniyetmələr üçün real təhlükə mənbəyinə çevrildiyi bir dövrdə bu Sərəncam təhlükəsizlik səddi yaradır.

Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz hesab edir ki, uşaqların sosial şəbəkə alqoritmlərini aldatdığı dövr sona çatır artıq. “Sherg.az”a açıqlamasında mütəxəssis qeyd edib ki, bu sənəd rəqəmsal ekosistemimizdə, xüsusən də 20 yaşı olan sosial media mühitimizdə yeni dövrün başlanğıcı hesab oluna bilər: 

- Sənəddə sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi və normativ aktların hazırlanması tapşırığı verilib. İndiyə qədər Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti daha çox "formal bir prosedur" idi. Sosial şəbəkələr öz daxili qaydalarda "minimum 13 yaş" yazsa da, qeydiyyat zamanı doğum tarixini dəyişmək kifayət idi. Uşaqlar öz yaşlarını özləri təyin edirdi və bu, onların zərərli kontentlərlə qarşılaşmasının əsas səbəbi idi. İndi isə görünən odur ki, dövlət bu boşluğu bağlamağa iddialıdır. Düşünürəm ki, uşaqların rəqəmsal mühitdə qorunması, həm də dünyada gedən proseslər baxımından rəqəmsal suverenliyin təmin edilməsi baxımından doğru və məntiqli yanaşmadır. 

Bəs giriş edən şəxsin yaş həddi necə müəyyən ediləcək? O. Gündüz bildirdi ki, yaşın yoxlanılması üçün dünyada artıq bir neçə effektiv, lakin özünəməxsus çətinlikləri olan modellər var: 

- Süni İntellekt əsaslı yaş təxmini modeli var, burada platformalar istifadəçinin üz cizgilərini, davranışlarını və danışıq tərzini analiz edərək yaşını təxmin edən modellərdən istifadə edə bilər. Bu yol da məxfilik baxımından suallar, risklər yaradır. İkinci yol, dövlətə məxsus identifikasiya sistemi ilə inteqrasiyadır. Yəni sosial resurslar local identifikasiya sistemlərinə inteqarsiya imkanı yaratmalıdrılar. Bu, daha ağlabatan yoldur, lakin qlobal qlobal şəbəkələrin , dünyanı idarə edənlərin yerli dövlət bazaları ilə məlumat mübadiləsinə razı olub-olmaması da güman ki müzakirə mövzusu ola biləcək. Eyni zamanda identifikasiya üçün şəbəkəyə daxil olan avadanlıqlarda valideyn nəzarəti, "Parental control"un aktivləşdirilməsi tələbi də variantlardan biri ola bilər. 

O.Gündüz nəzərə almalı olduğumuz riskləri də açıqlayıb: 

- Azərbaycan bazarı qlobal platformalar üçün çox böyük gəlir mənbəyi deyil. Bizim bazardan onlara elə də böyük pullar getmir. Əgər tənzimləmələr onların standart biznes modellərini ciddi şəkildə pozarsa, platformalar texniki əməkdaşlıqdan boyun qaçıra və ya hətta bəzi xidmətlərini məhdudlaşdıra bilər. Həm də başqa rsiklər də qaçılmaz ola bilər. Platformalar konservativ əsaslı əməkdaşlıqdan imtina edərsə hökumətin də cavab olaraq sərt bloklaması uşaqların VPN istifadəsini kütləviləşdirə bilər. Bu isə rəsmi nəzarəti tamamilə itirmək deməkdir. Eyni zamanda bu məsələdə ifrat tənzimləmə uşaqların rəqəmsal bacarıqlarını zəiflədə bilər, yaradıcılıq və təşəbbüskarlıq imkanları azala bilər və digər ölkələrdəki həmyaşıdlarla rəqabəti də zəifləyə bilər. Bunları nəzərə alaraq hedab edirəm ki, bu qaydaları reallaşdırmaq üçün elə Sərəncamda da Prezidetin tapşırığına uyğun olaraq bütün maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələr keçirilib ortaq, Azərbaycan maraqlarına cavab verən yol tapılmalıdır. Və əlbəttə , bu məsələlərdə maariflənmə, cəmiyyətin bütün təbəqələrinin birləşib uşaqların rəqəmsal təhlükəsizliyinə töhfə verməsi ən doğru yoldur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
sherg.az

2Mənbələr