AZ

Elm gəncləri gözləyir, yoxsa gənclər elmi? Əbülfəz Süleymanlı Sosioloji baxış

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Əbülfəz SüleymanlıProfessor [email protected]

Son günlər Azərbaycan ictimai mühitində keçirilmiş məlum iclasdan sonra elmdə gəncləşmə məsələsi xüsusilə sosial media məkanında geniş müzakirə olunur. Mövzuya diqqətin artması təbii və zəruridir. Lakin aparılan müzakirələrin bir hissəsində problemin mahiyyəti bəzən natamam və səthi yanaşmalarla izah edilir, məsələ yalnız nəsillərarası qarşılaşdırma çərçivəsində təqdim olunur və bu kontekstdə elmdə uzun illər nüfuz qazanmış, həyatını elmi fəaliyyətə həsr etmiş alimlərin çoxillik əməyinə münasibətdə əsassız ümumiləşdirmələrə və ədalətli olmayan qiymətləndirmələrə də rast gəlinir. Halbuki məsələ ayrı-ayrı alimlər və ya nəsillər deyil, dəyişən qlobal reallıqlar fonunda elmi sistemin transformasiyasıdır.

Xüsusilə süni intellekt texnologiyalarının iqtisadiyyatları, əmək bazarını və bilik istehsalı modelini köklü şəkildə dəyişdirdiyi bir mərhələdə elmin rolu strateji xarakter almışdır. ABŞ, Almaniya, Cənubi Koreya və Çin kimi ölkələrin inkişaf modeli göstərir ki, texnoloji üstünlük yalnız investisiya ilə deyil, elmə cəlb olunan gənc insan kapitalı ilə təmin olunur. Bu ölkələrdə elm akademik fəaliyyət olmaqla yanaşı, innovasiya, texnologiya istehsalı və yüksək sosial nüfuzla birbaşa əlaqələndirilir.

Azərbaycanda gənclərin elmə yönəlməsinə təsir edən əsas amillərdən biri iqtisadi faktordur. Uzunmüddətli hazırlıq tələb edən elmi karyera yolu, məhdud maliyyə imkanları və nisbətən aşağı əməkhaqqı bu sahəni gənc üçün riskli seçimə çevirir. Eyni ixtisas üzrə özəl sektorda daha yüksək gəlir və daha sürətli karyera imkanlarının mövcudluğu seçim balansını dəyişir. Bu, motivasiya çatışmazlığından deyil, sosial-iqtisadi rasional seçim mexanizmindən irəli gəlir.

Digər mühüm məsələ elmin ictimai görünürlüğü ilə bağlıdır. Alim və tədqiqatçı obrazı ictimai informasiya məkanında kifayət qədər təqdim olunmadıqda gənc öz gələcəyini bu sahədə təsəvvür edə bilmir. Peşələr yalnız iqtisadi gəlirlə deyil, sosial nüfuz və ictimai tanınma ilə seçilir. Elm cəmiyyətin simvolik dəyər sistemində görünmədikcə onun cazibəsi də zəifləyir.

Bununla yanaşı, elmi mühitə etimad, şəffaf akademik mexanizmlər və aydın karyera perspektivləri də həlledici amillərdəndir. Gənc alim olmaq qərarı verərkən yalnız elmi marağa deyil, bu yolun sosial və peşə sabitliyinə də qiymət verir. Təhsil sistemində tədqiqat yönümlü düşüncənin gücləndirilməsi, universitet–sənaye əməkdaşlığının genişləndirilməsi və innovasiya ekosisteminin inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Əslində texnologiya və innovasiya yönümlü layihələrdə Azərbaycan gənclərinin əldə etdiyi nəticələr göstərir ki, problem potensialın yoxluğunda deyil. Uyğun institusional və iqtisadi mühit formalaşdırıldıqda gənclər elmi və yüksək texnoloji fəaliyyətə sürətlə inteqrasiya ola bilirlər.

Bu səbəbdən elmdə gəncləşmə inzibati çağırışlarla deyil, sistemli yanaşma əsasında mümkündür: elmi əməyin iqtisadi dəyərinin artırılması, akademik mühitə ictimai etimadın möhkəmləndirilməsi, elmin sosial nüfuzunun yüksəldilməsi və süni intellekt dövrünün tələblərinə uyğun yeni bilik ekosisteminin formalaşdırılması ilə.

Bu kontekstdə elmdə gəncləşmə siyasəti yalnız kadrların yaş göstəricilərinin yenilənməsi kimi deyil, bütövlükdə elmi ekosistemin yenidən təşkili prosesi kimi nəzərdən keçirilməlidir. Erkən yaşlardan tədqiqat yönümlü təhsil modelinin formalaşdırılması, gənc alimlər üçün şəffaf və mərhələli akademik karyera mexanizmlərinin yaradılması, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi və innovasiya fəaliyyətinin real iqtisadi stimullarla dəstəklənməsi bu prosesin əsas istiqamətlərini təşkil edir. Eyni zamanda elmi fəaliyyətin beynəlxalq şəbəkələrə inteqrasiyası, xaricdə fəaliyyət göstərən elmi potensialın sistemli şəkildə cəlb olunması və gənc tədqiqatçıların süni intellekt, rəqəmsal texnologiyalar və yüksək texnoloji sahələrə yönləndirilməsi elmin cəmiyyətin inkişaf strategiyası ilə üzvi şəkildə əlaqələndirilməsinə imkan yaradır.

Çünki süni intellekt əsrində elmin inkişafı artıq yalnız akademik məsələ deyil – milli təhlükəsizlik, iqtisadi rəqabət qabiliyyəti və intellektual suverenlik məsələsinə çevrilmişdir. Gənclərin elmə gəlməsi nəticədir; əsas məsələ elmin özü üçün gələcək yarada bilən dayanıqlı sistemin formalaşdırılmasıdır. Unutmamalıyıq ki, gənc insan kapitalı ilə yenilənməyən elm uzunmüddətli inkişafın dayanıqlı əsasını formalaşdıra bilməz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
525.az

1Mənbələr