AZ

İran müharibəsi bölgəyə nə vəd edir - Detallar

Yaxın Şərqdə ABŞ–İsrail–İran xəttində başlayan genişmiqyaslı hərbi əməliyyatlar regionu yeni və daha təhlükəli mərhələyə daxil edir. Rəsmi Vaşinqton və Təl-Əviv əməliyyatların məqsədini İranın nüvə və raket proqramının neytrallaşdırılması kimi təqdim etsə də, prosesin miqyası və paralel informasiya, hibrid və siyasi təzyiq elementləri bunun yalnız hərbi zərbə kampaniyası ilə məhdudlaşmadığını göstərir.

Strateji məqsəd: Nüvə proqramı, yoxsa daha geniş hədəf?

ABŞ Prezidenti Donald Trump videomüraciətində əməliyyatları “İran rejiminin yaratdığı təcili təhdidlərin aradan qaldırılması” kimi əsaslandırdı və “onlar heç vaxt nüvə silahına sahib ola bilməzlər” tezisini təkrarladı. Bu, Vaşinqtonun uzunmüddətli strategiyasının davamı kimi təqdim olunsa da, əməliyyatın intensivliyi və paralel siyasi bəyanatlar hədəfin daha geniş ola biləcəyinə işarə edir.

İsrailin Baş naziri Benjamin Netanyahu isə əməliyyatın “mövcudluq təhlükəsini aradan qaldırmaq” məqsədi daşıdığını bildirib və İran daxilində müxtəlif etnik qruplara müraciət edərək daxili transformasiya çağırışı edib. Bu ritorika yalnız hərbi infrastrukturun sıradan çıxarılması deyil, rejim üzərində daxili təzyiqin artırılması xəttini də göstərir.

Digər tərəfdən, İranın devrilmiş şahının oğlu Reza Pahlavi açıq şəkildə müdaxiləni “humanitar yardım” kimi təqdim edərək küçə hərəkatına çağırış edib. Bu isə informasiya müharibəsinin və daxili destabilizasiya elementlərinin aktiv fazaya keçdiyini göstərir.

Çoxvektorlu təzyiq strategiyası

ABŞ Dövlət Katibi Marco Rubio İranı “qanunsuz həbslərin dövlət sponsoru” elan etməklə hüquqi-siyasi təzyiq mexanizmini işə saldı. Paralel olaraq hərbi kontingentin gücləndirilməsi, beşinci nəsil qırıcıların, tanker təyyarələrinin və elektron müharibə vasitələrinin bölgəyə yerləşdirilməsi əməliyyatın planlı və çoxsəviyyəli olduğunu göstərir.

Bu mərhələ 2025-ci ilin 12 günlük qarşıdurmasından fərqlənir. Çünki hazırkı kampaniya yalnız nöqtəvi zərbə deyil, hərbi, iqtisadi, diplomatik və informasiya təzyiqinin kombinasiyasıdır. Məqsəd İranın strateji imkanlarını zəiflətməklə yanaşı, daxili siyasi elastikliyini də sarsıtmaqdır.

Regional genişlənmə riski

Ən ciddi risk isə müharibənin coğrafiyasının genişlənməsidir. Tehran özünü müdafiə etmək üçün regiondakı ABŞ hərbi bazalarını hədəf ala bilər. İranın proksi qüvvələrinin, xüsusilə Yəməndəki husilərin və digər silahlı qrupların prosesə qoşulması artıq istisna deyil.
Bu ssenari münaqişəni ikitərəfli müharibədən regional çoxcəhbəli qarşıdurmaya çevirə bilər. Hörmüz boğazının təhlükəsizliyi, enerji nəqli xətləri və Fars körfəzi boyunca hərbi balans ciddi risk altına düşə bilər. Qlobal enerji bazarlarında qiymət şokları və nəqliyyat marşrutlarının pozulması ehtimalı yüksəlir.

Qlobal təsirlər gəldikdə, bu neft və qaz qiymətlərində kəskin artımına,  Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi enerji ixracatçı ölkələrin risk mühitinin dəyişməsinə, ABŞ–Rusiya–Çin münasibətlərində əlavə gərginləşməsinə, İsrail–Livan və İsrail–Suriya cəbhələrinin aktivləşməsi ehtimalına səbəb olacaq.

İranın raket və pilotsuz uçuş aparatları potensialı nəzərə alındıqda, qarşılıqlı zərbələr uzunmüddətli asimmetrik müharibəyə çevrilə bilər.

Azərbaycan üçün risklər

Azərbaycan üçün bu münaqişə yalnız uzaq regional böhran deyil. İranla birbaşa sərhəd faktoru vəziyyəti həssas edir. Aşağıdakı risklər nəzərə alınmalıdır: Humanitar axın və qaçqın təzyiqi, sərhəd təhlükəsizliyi və mümkün təxribat riski, iqtisadi bazarlarda volatillik. ABŞ–İsrail–İran qarşıdurması klassik lokal müharibə deyil. Bu, hərbi əməliyyatlarla yanaşı siyasi təzyiq, informasiya müharibəsi və daxili destabilizasiya elementlərini özündə birləşdirən çoxqatlı strateji kampaniyadır.

Əgər proses qısa müddətdə nəzarət altına alınmasa, münaqişə regional çərçivəni aşaraq qlobal təhlükəsizlik arxitekturasını silkələyə bilər. Enerji bazarları, tranzit marşrutları və regional güc balansı ciddi sınaq qarşısındadır.

Nə qədər tez diplomatik kanallar işə düşərsə, itkilər və uzunmüddətli fəsadlar bir o qədər azalar. Əks halda, Yaxın Şərq yeni və daha genişmiqyaslı bir geosiyasi transformasiyanın episentrinə çevrilə bilər.

Mürtəza

Seçilən
20
1
olke.az

2Mənbələr