AZ

Ryonosuke Ohori: “Neftçi” barədə danışmaq istəmirəm”

“Komandamız üçün çox vacib oyuna çıxdıq. Qalib gəldiyimiz üçün xoşbəxtik”.

Bunu “Kəpəz”in futbolçusu Ryonosuke Ohori Yevlax şəhər stadionunda “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 22-ci tur matçı barədə danışarkən deyib.

İlk qolun müəllifi olan yaponiyalı legionerin sözlərinə görə, 62-ci dəqiqədə qonaq komandanın futbolçusu Nikola Ninkoviçin qırmızı vərəqə alması nəticəyə heç bir təsir göstərməyib: “Çünki artıq ilk yarıda 3 qol vurmuşduq”, - deyə o, sportnet.az-a açıqlamasında söyləyib.

“Kəpəz” növbəti matçını martın 5-də elə Yevlax şəhər stadionunda “Turan Tovuz”a qarşı keçirəcək. Bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşünə təsadüf edəcək. İlk oyunda Tovuz komandası qələbə qazanıb - 1:0.

25 yaşlı yarımmüdafiəçi məğlubiyyətin əvəzini çıxmaq üçün mübarizə aparacağını bildirib:

“Çalışacağam ki, qol vurum və komandamızın yarımfinala yüksəlməsində pay sahibi olum”.

Ohorinin “Kəpəz”lə icarə müqaviləsi mövsümün sonunda başa çatacaq. O, “Burada qalmaq, yoxsa müqavilə ilə məxsus olduğunuz “Neftçi”yə qayıtmaq niyyətindəsiniz?” sualını belə cavablandırıb: “Neftçi” barədə danışmaq istəmirəm”.

Qeyd edək ki, Ryonosuke Ohori “Kəpəz”ə bu mövsümün əvvəllərində icarəyə verilib. O, Gəncə komandasının heyətində Premyer Liqada 3, Azərbaycan Kubokunda 1 qol vurub. Məhz Ohorinin qolu sayəsində 1/8 final mərhələsində “Araz-Naxçıvan”ı üstələmək mümkün olub.

İdman.Biz
Seçilən
24
1
idman.biz

2Mənbələr