Buxarest, 28 fevral, AZƏRTAC
Rumıniyanın Baş naziri İlie Bolojan İranla bağlı yaranmış gərgin vəziyyət fonunda ölkənin bütün dövlət strukturlarının yüksək hazırlıq rejimində fəaliyyət göstərdiyini bildirib.
Rumıniyanın “AGERPRES” agentliyinin yaydığı məlumata görə, hökumət başçısı vəziyyətin diqqətlə izlənildiyini və təhlükəsizlik qurumlarının mümkün risklərə qarşı hazırlıqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, regional sabitliyə təsir göstərə biləcək istənilən inkişaf operativ şəkildə təhlil edilir.
Baş nazir qeyd edib ki, xarici ölkələrdə olan Rumıniya vətəndaşlarının təhlükəsizliyi prioritet olaraq qalır və diplomatik nümayəndəliklər gücləndirilmiş rejimdə fəaliyyət göstərir. O, eyni zamanda, beynəlxalq tərəfdaşlarla koordinasiyanın davam etdirildiyini bildirib.
İlie Bolojan vurğulayıb ki, hökumət həm daxili təhlükəsizlik, həm də enerji və iqtisadi sabitlik məsələlərini nəzarətdə saxlayır. Zərurət yarandığı halda əlavə tədbirlərin görülməsi istisna edilmir.
Qeyd edək ki, Yaxın Şərqdə baş verən son hadisələr bir sıra ölkələrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub və regiondakı vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest