
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ və İsrailin İrana hücumları ilə əlaqədar diplomatik çıxış yolları axtardıqlarını bəyan edib. O, mülki şəxslərin müdafiəsini prioritet hesab edərək bölgədəki qeyri-vacib Aİ personalını geri çəkdiklərini bildirib.
AFN.az xəbər verir ki, sosial media platforması vasitəsilə açıqlama verən Kallas Yaxın Şərqdəki son hadisələri təhlükəli adlandırıb. Tehranın ballistik raket və nüvə proqramları, həmçinin terror qruplaşmalarına verdiyi dəstəklə qlobal təhlükəsizliyə ciddi hədə törətdiyini bildirən Ali Nümayəndə, Aİ-nin İrana qarşı sanksiyalar tətbiq etdiyini və bütün problemlərin diplomatik həllini dəstəklədiyini xatırladıb.
O, İsrailin xarici işlər naziri Gideon Saar və regionun digər rəsmiləri ilə təmasda olduğunu, diplomatik kanalları araşdırmaq üçün ərəb tərəfdaşlarla yaxın koordinasiyada fəaliyyət göstərdiklərini qeyd edib. Kallas vurğulayıb ki, beynəlxalq humanitar hüququn qorunması hazırda əsas prioritetdir və konsulluq şəbəkəsi Aİ vətəndaşlarının bölgədən gedişini asanlaşdırmaq üçün tam gücü ilə çalışır.
Eyni zamanda, Aİ-nin "Aspides" dəniz missiyasının Qırmızı dənizdə yüksək hazırlıq vəziyyətində qaldığı və dəniz dəhlizinin açıq saxlanılması üçün hər an müdaxiləyə hazır olduğu bildirilib.